“Laçın Beynəlxalq Hava Limanının ilk qonaqları Azərbaycana dost, qardaş olan ölkələrin Türkiyə və Pakistanın liderləri oldular - Azərbaycan, Türkiyə, Pakistan Zirvə görüşü baş tutdu. Əlamətdar hadisələrin zənginliyindən danışmaq mümkündür. Belə ki, Zirvə görüşü Azərbaycanın Müstəqillik Gününə, xalqımızın ən şanlı, şərəfli gününə təsadüf etdi. Bunun özü də çox mühüm əhəmiyyət daşıyırdı”.
Bunu hafta.az-a Laçında üç qardaş dövlətin liderlərinin Zirvə görüşü ilə bağlı açıqlamasında professor Elşad Mirbəşir bildirib. Professor qeyd edib ki, bu görüşün Ermənistanın işğalından azad etdiyimiz Laçında keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Zirvə görüşünün sayca ikinci olmasına diqqət çəkən E.Mirbəşir bundan öncəki görüşün Astanada baş tutduğunu vurğulayıb:
“Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü bir institusional format almaqdadır. Artıq bu üç ölkənin əməkdaşlığını, münasibətlərini inkişaf etdirmək üçün ayrıca bir platforma mövcuddur. Bu, hesab edirəm ki, diqqətəlayiq bir haldır. Zirvə görüşü zamanı bir daha liderlər ölkələri arasındakı münasibətlərin səmimi dostluğa, qardaşlığa söykəndiyini vurğuladılar. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşünün əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan, Türkiyə, Pakistan hər zaman bir-birilərinə dəstək olurlar, hər zaman bir-birinin yanındadırlar və müxtəlif sahələrdə tərəflərin maraqlarına cavab verən əməkdaşlıq qurublar. Bu əməkdaşlığın bundan sonra inkişaf etdirilməsi iradəsi mövcuddur. Humanitar sahədə, iqtisadiyyatın müxtəlif sektorları üzrə, elm-təhsil sahəsində və ayrıca olaraq təhlükəsizlik, müdafiə sahəsində üç ölkə arasında oturuşmuş əməkdaşlıq sistemi mövcuddur. Bu çox önəmlidir. Xüsusilə də hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq müasir dövrün ən başlıca tələblərindəndir. Çünki dünyanın münaqişə potensialı azalmaq əvəzinə, getdikcə yüksəlməkdədir. Bu da əlavə təhlükəsizlik tədbirlərinin görülməsini tələb edir. Ümumiyyətlə, hər bir əməkdaşlığın effektivliyi onun təhlükəsizliyinin nə dərəcədə təmin olunmasından birbaşa asılıdır. Azərbaycan Prezidenti bu məsələyə diqqət çəkdi və vurğuladı ki, artıq Azərbaycan, Türkiyə, Pakistan təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı o deməkdir ki, böyük bir coğrafiyada təhlükəsizliyin təmin olunması üçün bu üç ölkə arasındakı münasibətlər mühüm amil rolunda çıxış edir. Həqiqətən də coğrafiyaya diqqət yetirsək görərik ki, məhz bu üç ölkənin yerləşdiyi coğrafiya kifayət qədər genişdir, əhali sayı təxminən 350 milyon nəfərə bərabərdir. Üç ölkənin maliyyə resursları 1,5 trilyon dollara bərabərdir ki, bu da çox böyük resurslardır. Bu məqama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da xüsusi diqqət çəkdi. Bu baxımdan sözsüz ki, bu üç ölkənin çox sıx əməkdaşlığı, yüksək inkişaf səviyyəsinə çatmış siyasi münasibətləri olduqca uğurlu əməkdaşlıq formatını təşkil etməkdədir.
Azərbaycan Prezidenti vurğuladı ki, 44 günlük Vətən müharibəsi dövründə həm Pakistan, həm də Türkiyə Azərbaycana olduqca yaxından siyasi və mənəvi dəstək nümayiş etdirdilər. Bu, əsl qardaşlıq, dostluq nümunəsidir.
Öz növbəsində Pakistanın Baş naziri Şahbaz Şərif də vurğuladı ki, Azərbaycan və Türkiyə Pakistanın yanında olduğunu nümayiş etdirir. Bildiyiniz kimi, Pakistanla Hindistan arasında qısamüddətli hərbi toqquşma da baş verdi. Pakistan baş naziri Hindistanın bu hücumu zamanı Azərbaycan və Türkiyənin dəstəyinə görə öz təşəkkürünü bildirdi.
Xatırlatmaq istərdim ki, bir neçə gün öncə Pakistanın baş naziri Türkiyədə səfərdə oldu, orada cənab Ərdoğanla müzakirələr apardı. Və indiki mərhələdə görünən reallıq ondan ibarətdir ki, Pakistan həm Türkiyənin, həm də Azərbaycanın simasında özünə etibarlı dayaq görməkdədir. Bu üç ölkə arasında hazırkı əməkdaşlıq istiqamətləri, siyasi münasibətlərin inkişaf səviyyəsi gələcəkdə möhkəm bir ittifaqın əsasının indidən qoyulduğunu göstərməkdədir. Düşünürəm ki, bundan sonra ikitərəfli əməkdaşlıq sistemi artıq üç dövlətin əməkdaşlığı sistemi çərçivəsində daha uğurla, daha dinamik inkişaf edəcəkdir”.