Biz noyabr ayından bu günə qədər cəbhəyə yaxın kəndlərdə zərərçəkmiş uşaqlara, ailələrə, qadınlara psixoloji yardım göstərirdik. O cümlədən də qazilərə. Raketlərlə dağıdılan Gəncədə, Bərdədə olduq. 28-30 nəfərə yaxın psixoloq-həkimlərlə 7-8 ay kəndbəkənd gəzib əhali ilə işlədik. Avqustun 27-si qayıtmışıq. Və ən çətin iş şəhid ailələr ilə işləmək idi.
Bu fikirləri hafta.az-a həkim-psixoterapevt, hərbi-psixoloq Azad İsazadə deyib:
“Biz praktiki olaraq psixologiyada rast gəlinən bütün pozuntularla rastlaşdıq. O cümlədən mən bəzən psixiatr kimi müharibə nəticəsində ruhi pozuntularla bağlı dərməndan da istifadə etməli oldum. Ürəkgetmələr, depressiya, aqressiya, ailə zorakılığı çoxalmışdı. Kantuziya, beyin travması almış insan evə gəlir, uşaqların hay-küyünü eşidir əsəbləşir. Özü deyir ki, hay-küydə otura bilmir, özündən asılı olmayaraq uşaqları döyür. O, bundan xilas olmaq istəyir. Biz bu müddət ərzində özünə sui-qəsd eliyənləri də gördük. Problem çoxdur və bu iş davam olunacaq”.