Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətlər Tətbiq və Araşdırma Mərkəzinin müdiri professor Levent Kurnaz “El Nino”nun təsiri ilə dünyanın ən isti qışının dekabr, yanvar və fevral aylarında yaşandığını, rekord temperaturların mart, aprel və may aylarında da davam edəcəyini bildirib.
Hafta.az-ın yazdığına görə, “El Nino” hava hadisəsindən təsirlənən 2023-cü il bütün zamanların ən isti ili olub və 2024-cü ilin ilk aylarında rekord temperaturların davam etməsi ilə tarixin ən isti qışı yaşanıb. 1941-1980-ci illər arasında dünya üzrə dekabr, yanvar və fevral aylarının orta temperaturu 11,9 dərəcə olduğu halda, keçən qışda havanın temperaturu 13,24 dərəcə, yəni orta göstəricidən 1,29 dərəcə yüksək olub.
Professor Kurnaz qeyd edib ki, dünyanın ümumi iqlimi “El Nino” və “La Nina” hava hadisələri ilə çox sıx bağlıdır.
Sakit Okeanın dünyanın təxminən yarısını əhatə etdiyini və “El Nino”nun bu suları normaldan daha isti, “La Nina”nın isə normaldan daha sərin etdiyini bildirən Kurnaz, "Buna görə də bu sular daha isti olarsa, dünyanın orta temperaturu artar. Yəni sırf orada isti olduğu üçün havanın temperaturu artmır, amma orada isti olması dünyanın hər yerində temperaturun bir az yüksəlməsinə səbəb olur" deyib.
İqlim dəyişikliyinin temperaturun davamlı yüksəlməsinə, “El Nino” dövründə temperaturun daha çox artmasına, “La Nina” dövründə isə bir az enməsinə səbəb olduğunu bildirən Kurnaz belə davam edib: “Dünya keçən ilin iyun ayında “El Nino” dövrünə qədəm qoydu, buna görə də bütün Yer üzü iyulun əvvəlindən istiləşdi və yaşanan hər ay tarixdə ən isti ay olub. Bu, təbii olaraq qışı ən isti keçirtdiyimiz ay oldu. Dekabr, yanvar və fevral ayları dünyada yaşadığımız ən isti qış ayları olub və yəqin ki, mart , aprel və may ayları ən isti yaz mövsümü kimi yadda qalacaq”.
“El Nino” effektinin may ayının sonunda təsirini itirəcəyi ilə bağlı proqnozunu paylaşan Kurnaz, bundan sonra temperaturların bir az daha eenəcəyini, yayın 2023-cü ilin yayındakı qədər isti olmayacağını və ötən ilki rekordların görünməyəcəyini qeyd edib.
İstiləşmədə əsas amilin iqlim dəyişikliyi olduğunu vurğulayan professor Kurnaz, "İqlim dəyişikliyi onsuz da dünyanı istiləşdirir, nizamlı olaraq yuxarıya doğru gedən bir əyri var. Temperaturlar bu əyridə bəzən bir az yuxarı, bəzən bir az aşağı dəyişir. 6 il sonra “La Nina” temperaturu builki “El Nino” temperaturları qədər yüksək ola bilər" deyib.