Son zamanlar xaricdəki Azərbaycan diplomatik nümayəndəlikləri radikal ermənilərin yeni hədəfinə çevrilib. Praqada bölgədə sülhün əldə olunmasına doğru Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşan növbəti danışıqlar raundundan sonra "Qarabağ kartı"ndan məhrum olacağını anlayan erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən terrorçu ermənilər səfirliklərimizin binaları, avtomobilləri və şəxsi heyətini hədəfə almaqla bu prosesə maneə yaratmağa çalışırlar.
Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.
Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
"Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəbdəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq.
Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişlər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olmuşdur.
Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplimatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.
AR XİN-i xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir.
Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq", - məlumatda deyilir.
Bəs ermənilərin yeni terror taktikasının arxasında hansı maraqlar var və təxribatların qarşısı niyə vaxtında alınmır?
Əli Mustafa, hüquqşünas:
Bütün bu hücumların, təhdidlərin arxasında heç şübhəsiz ki, erməni faşizmi durur, erməni diasporunun, dövlətinin məsuliyyəti var. Bu terroru, hücumları törədənlər, hətta səfirliyin maşınına atəş açanlar birbaşa cinayətkardırlar, məsuliyyət daşıyırlar. Bunların arxasında kimlərin olmasından asılı olmayaraq şəxsiyyətləri müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu beynəlxalq hüquqla, dövlətlərarası münasibətlərlə tənzimlənir. Bütün hallarda Azərbaycan səfirliyinin yerləşdiyi dövlətlər, hökumətlər bizim səfirliyin təmsilçilərinin təhlükəsizliyi üçün birbaşa məsuliyyət, cavabdehlik daşıyırlar. Və nümayəndəliklərimizin qorunması üçün gücləndirilmiş iş rejiminə keçməli, Azərbaycan diplomatik missiyası qorunmalıdır. Bu müvafiq dövlətlərin vəzifəsidir, hüququ -mühafizə orqanlarının borcudur. Həmin dövlətlərin belə halları ciddiyə almaması birbaşa beynəlxalq hüquqa hörmətsizlikdir, Azərbaycanla həmin ölkələr arasında olan müqavilələrə, qarşılıqlı öhtəiklərlə bağlı vəzifələrini yerinə yetirməməsinə dair fakt və dəlildir. Hesab edirəm ki, Azərbyacan Xarici İşlər Nazirliyi bir daha həmin dövlətlərin nəzərinə çatdırmalıdır, lazım gəlsə nota verilməli, bildirməlidir ki, bizim səfirliklərin nümayəndələri həmin dövlətlərin qoruması altındadır, onların təhlükəsizliyi üçün məsuliyyət daşıyırlar və zəhmət çəkib öz öhtəliklərini yerinə yetirməlidirlər. Bir şeyləri də nəzərə almaq lazımdır ki, həmin ölkələrin də Azərbaycanda səfirlikləri, diplomatik korpusları var. Əks təqdirdə Azərbaycan dövləti də öz öhdəliklərindən imtina edə bilər. Necə ki, Azərbaycan dövləti öz üzərinə düşən öhdəlikləri icra edib xarici ölkə nümayəndəlikllərini qoruyur, eləcə də həmin dövlətlər öz öhtəliklərini yerinə yetirməlidirlər”.
Abutalıb Səmədov, ANAP sədri:
- Ayrı-ayrı şəhərlərdə ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə və nümayəndələrinə qarşı törtdikləri qanunsuz hərəkətlər onların çarəsizlikləri ilə bağlıdır. Ermənilər tarixlərinin ən uğursuz, ümidsiz dönəmini yaşayırlar. Ermənilərin güvəndiyi dövlətlər də artıq onlara arzulardıqları dəstəyi vermirlər. Son proseslər də onu göstərir ki, Ermənistanın bundan sonra vəziyyətinin dəyişməsi mümkün deyil. İndi 3 mərkəzdə sülh sazişinin layihəsi üzərində iş gedir. Bu, Moskva Vaşinqton və Brüsseldir. Nə qədər qəribə olsa da, Moskvada hazırlanan sülh sazişi erməniləri daha çox qane edir. Çünki orda Qarabağ məsələsi ilə bağlı müəyyən müddəalar var. Yaxşı xatırlayırıq ki, 2021-ci ilin sonlarında Soçidə keçirilən görüşdən sonra Paşinyan qəti şəkildə Rusiyanın vasitəçiliyinə etiraz elədi. Və Ermənistan yalnız Minsk Qrupunun vasitəçiliyini irəli sürdü. Bütün cəhdlərə baxmayaraq onu diriltmək mümkün olmadı. Fransa, ABŞ bu məslədə Ermənistana dəstək verməyə cəhd etsələr də uğursuz oldu. Bu səbəbdən hər üç mərkəz fərdi şəkildə Azərbaycan-Ermənistan münaqişəsini nizama salmağa çalışır və sülh sazişi üzərində iş gedir. Dünənə qədər Ermənistanın güvəndiyi ABŞ-ın və Fransanın liderlik etdiyi Aİ-nin hazırladığı sülh sazişi layihələrində Qarabağa dair heç bir müddəa yoxdur. İlin sonuna qədər sülh sazişini imzalamaq üçün Ermənistana təzyiqlər göstərilir. Və Ermənistan bu təzyiqlərin qarşısında dayanmağa malik deyil. Ona görə də on çarəsi terordur, səfirliklərə qarşı qanunsuz hərəkətlərdir. Bunun qarşısını almaq səfirliklərin yerləşdiyi ölkələrə düşür. Həm Britaniyada və onun ardınca başqa ölkələrdə baş verən hadisələrə ölkələr məsuliyyətsiz yanaşdılar. Ancaq ümid edək ki, bu proses uzun sürməyəcək və ermənilərin bu qanunsuz hərəkətlərinin qarşısı qətiyyətlə alınacaq”.
Ramil Hüseyn, Yeni Yol Partiyasının sədri:
- ABŞ-da Azərbaycan səfirliyinin xidməti maşınına açılan atəş erməni lobbisinin məğlubiyyətinin aqonyasıdır. Bütün hallarda səfirliyin yerləşdiyi ölkə bu cinayəti araşdırmalı və cinayətkarlar öz cəzasını almalıdır. Azərbaycan dövləti, xalqı son 30 ildə bu erməni vandallığını görüb və dünya ictimaiyyətini haqqın-ədalətin bərpasına çağırıb. Biz bu 30 ildə də Qərbin, Avropanın Azərbaycanla bağlı hansı mövqedə dayandığını görmüşük və bu gün həmin buzlar 44 günlük müharibədə bir qədər ərisə də, ikilistandartlar qalır. Ermənistan terror ölkəsidir və mən deyərdim ki, bəşəriyyət üçün bir qara yaradır. Bu gün Azərbaycanın Praqa görüşündə əldə etdiyi uğurlu nəticələr və Ermənistanın məğlubiyyəti erməni lobbisini teror formasında hərəkətə gətirib. Təbii ki, Qərb, Avropa Azərbaycan səfirliklərinə qarşı baş verən belə cinayətlərə görə məsuliyyət daşıyır. Ermənistan istər hərbi cəbhədə, istərsə də də diplomatik cəbhədə məğlub olan dövlətdir. Artıq dünyanın güc dövlətləri Azərbaycanla hesablaşmağa məcburdur və bu cür terror aktları ölkəmizi öz hədəflərindən yayındıra bilməz. Bu cür addımları ilə ermənilər bir az da batırlar. Lakin demokratiyanın beşiyi sayılan ABŞ ölkəsində baş verən beynəlxalq hüquqa zidd olan, beynəlxalq cinayət hesab olunan məsələyə müşahidəçi qala bilməz. Əks halda Azərbayacan ictimaiyyətinin ABŞ-ın demokratik dəyərlərinə yanaşmasında şübhəli məqamlar yer alacaq. ABŞ Azərbayan səfirliyinin nümayəndələrinə atəş açanları tapıb cəzalandırmalıdır.
Natiq Cəfərli, politoloq:
- Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı istənilən addımlar Azərbaycan tərəfinin çox kəskin şəkildə reaksiyasına səbəb olmalıdır, necə ki, səbəb olur, amma Qərb dövlətlərinin də cavabdehlik daşıdığı hər dəfə hər platformada vurğulanmalıdır.
Vyana Konvensiyasına görə, diplomatik korpus nümayəndəliklərin fəaliyyət göstərdikləri ölkədə qorunmalarının təminatı həmin ölkələrin boynunun borcudur.
Bu səbəbdən Qərb dövlətlərində, istənilən dövlətin ərazisində bu baş verirsə, həmən kəskin reaksiya verilməli, həmin hadisəni törədənlər məsuliyyətə cəlb edilməlidir. Və Azərbaycan tərəfi də daim bu məsələni gündəmdə saxlamalıdır.