“Ermənistan 44 günlük Vətən Müharibəsində insanlıq əleyhinə çox ağır cinayətlərə yol verib. Erməni vandalları Gəncə şəhəri də daxil olmaqla digər şəhərlərimizə raket hücumları ilə həmlələr edib, mülki əhalimizin ölümünə, böyük dağıntılara səbəb olub. Məhz bu cinayətlərinə görə də Ermənistan Beynəlxalq Cinayət Məhkəməsində məsuliyyətə cəlb olunmalıdır”
Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib.
M.Məmmədli bəyan edib ki, bu cinayət əməlinə görə Ermənistan siyasi, hüquqi məsuliyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan dövləti tək iki il əvvəl olan hadisələrlə bağlı deyil, ümumiyyətlə son 30 ildə Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri beynəlxalq məhkəmələrə verib bu prosesi sona qədər davam etdirməli, cinayətkarın cəzalandırılmasına nail olmalıdır.
“İlk növbədə Ermənistan etdiyi cinayətləri etiraf etməlidir. Və bu cinayətin iqtisadi, siyasi, hüquqi, mənəvi məsuliyyətini daşımalıdır. Müharibə gedən zamanı Ermənistanın xüsusilə Gəncəyə, Bərdəyə, Tərtərə və digər şəhərlərə endirdiyi raketlərdən sonra beynəlxalq ictimaiyyətin reaksiyası bizi qane etmir”.
M.Məmmədli qeyd edib ki, bu gün Ukraynada baş verən qətliamlara, təcavüzə, insanlıq əleyhinə cinayətlərə kəskin reaksiya verən və bu cinayətləri edən dövlətə qarşı ağır sanksiyalar tətbiq edən beynəlxalq ictimaiyyət, dünyanın aparıcı dövlətləri, birlikləri 2 il əvvəl eyni mövqeni Ermənistan tərəfindən törədilən cinayətlər zamanı bizə qarşı nümayiş etdirmədi.
“Bu fakt haqlı olaraq bizim cəmiyytdə belə bir fikiri yaradıb ki, dünya ikilistandatlarla çıxış edir, dəyərlərə deyil, maraqlara əsaslanan prinsiplərlə idarə olunur. Ona görə də Azərbaycan bir daha öz gücü və beynəlxalq hüquqa söykənərək, ədalətin, haqqın bərpası naminə cinayətkarların cəzalandırılmasına nail olmalıdır və bu yöndə işlər gedir”.