Ermənistan dərin iqtisadi böhran astanasında - TƏHLİL  

14:58 06.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq maliyyə institutları da düşmən ölkənin iqtisadiyyatında ciddi geriləmənin olduğunu bəyan ediblər

“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) “BB-“-dan “B+” səviyyəsinə endirib. Bununla bağlı sözügedən qurumun yaydığı açıqlamada bildirilir ki, öncədən müəyyən edilmiş cədvələ görə, ölkənin reytinqi oktyabrın 2-də açıqlanmalı idi.

Amma ölkədə baş verən bir sıra hadisələr, xüsusən də Dağlıq Qarabağ ərazisindəki əməliyyatlar agentliyin qərarına yenidən baxmasına və nəticələrin açıqlanmasının gecikməsinə səbəb olub. Məlumata görə, bu ilin ilk yarısında Ermənistan iqtisadiyyatı gözləniləndən daha çox geriləyib və ÜDM-in əhəmiyyətli dərəcədə azalması apreldəki proqnozlara nisbətən ümumi dövlət borcunun daha da trayektoriyaya malik olmasına səbəb olub: “Biz dövlət borcunun pik həddə (2019-cu ildəki 53,5 faizdən 2020-ci ilin sonuna 63,9 faizədək artacaq) çatacağını gözləyirik və orta müddətdə bunun aşağıya doğru hədəflənəcəyinə inanmırıq. 2021-ci ildə isə dövlət borcunun ÜDM-in 65,6 faizə yüksəlməyə davam edəcəyini (əvvəlki proqnozumuzdan 9,6 faiz bəndi çox) gözləyirik.  Nisbətən sağlam makroiqtisadi çərçivəyə baxmayaraq yenilənən proqnozlarımızda artan riskləri də nəzərə almışıq. COVID-19 pandemiyasının yenidən canlanması ölkədə məhdudlaşdırma tədbirlərinin təkrar həyata keçirilməsi ilə nəticələnməlidir. Digər tərəfdən də Dağlıq Qarabağ münaqişəsində uzunmüddətli eskalasiyanın davam etməsi iqtisadiyyata neqativ təsir edəcək və Ermənistan iqtisadiyyatının bu il 6,2 faiz azalacağını gözləyirik”.

Qeyd edək ki, “Fitch”in açıqlamasından da göründüyü kimi, Ermənistan dərin  iqtisadi böhran ərəfəsindədir. Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə bu ölkədəki mövcud iqtisadi ressesiyanı daha da dərinləşdirib. Çünki müasir dövrdə müharibə aparmaq həm də iqtisadi güc və imkanlar tələb edir. Ekspertlər hesab edirlər ki, düşmən ölkə Azərbaycanın siyasi gücü ilə yanaşı, həm də iqtisadi gücü qarşısında uduzmaqdadır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) ekspertləri bu istiqamətdə apardığı araşdırmaların nəticəsi olaraq belə qənaətə gəliblər ki, Azərbaycan ordusunun apardığı əks hücum əməliyyatlarının təkcə 4 günundə qəhrəman ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1,2 mlrd. dollardan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib: "Qeyd edək ki, bu ölkənin Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərin həcmi 634 mln. dollar civarındadır. Dünya Bankının məlumatına əsasən bu ölkənin Ümumi Daxili Məhsulu 2019-cu ildə 13 milyard dollar civarında olmuşdur. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən bu ölkə hər il ÜDM-nin 5 faizə yaxınını hərbi xərclərə ayırır. Nüfuzlu “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına əsasən isə Ermənistanın ümumi hərbi büdcəsi 1,385 milyard dollar həcmində qiymətləndirilir. Göründüyü kimi, cəmi 4 gün ərzində Azərbaycan ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən 2 dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv etmişdir. Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Çünki, pandemiyanın gətirdiyi yeni iqtisadi şərait bu ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirmişdir. Bu baxımdan bu ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyildir. Bu ölkənin iqtisadiyyatı cari ilin II rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olub. Bu ölkənin Statistika Komitəsinin məlumatına əsasən ölkə iqtisadiyyatı ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalıb. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olmuşdur. Statistika Komitəsinin məlumatına əsasən ölkə iqtisadiyyatı ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalıb. Cari ilin iyul ayının göstəricilərinə əsasən ticarət balansında 1 milyard ABŞ dolları həcmində kəsir mövcuddur. Fiskal büdcə defisiti isə ÜDM-in 5 faizi civarındadır. Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə onsuz da 10 faiz azalıb. Müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyini və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyini proqnozlaşdırmaq heç də çətin deyil”.

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında UNEC-in professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev bildirib ki, bu gün Azərbaycanın həm iqtisadi, həm də siyasi gücü düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə imkan verir:

“Ümumiyyətlə, mən bu prosesin uzun müddət davam edəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycan ordusu yaxın iki həftə ərzində bu məsələyə son qoyacaq və işğal altında olan torpaqlarımız düşməndən tamamilə azad ediləcək. Buna bizim həm siyasi, həm də iqtisadi gücümüz yetir. Bu gün Azərbaycanın qüdrətli, müasir silahlarla təchiz olunmuş ordusu ilə yanaşı, həm də düşmən ölkəylə müqayisə olunmayacaq dərəcədə dayanıqlı və güclü iqtisadiyyatı mövcuddur. “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasından da görünür ki, Ermənistanın dərin iqtisadi böhran ərəfəsindədir. Qurum açıqlamasında etiraf edir ki, ölkədə baş verən bir sıra hadisələr, xüsusən də Dağlıq Qarabağ ərazisindəki əməliyyatlar agentliyin qərarına yenidən baxmasına səbəb olub. Nəticədə Ermənistan iqtisadiyyatı gözləniləndən daha çox geriləyib və dövlət borcu pik həddə çatıb. Əslində Ermənistanın iqtisadiyyatı yox səviyyəsidədir. Bu ölkə öz büdcəsini həmişə ordan-burdan aldığı yardımlar hesabına formalaşdırıb. Bir sözlə, Ermənistan iqtisadi cəhətdən nəinki 2-3 ay, qısa müddətli belə döyüş aparmağa qadir deyildir. Çünki gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın isə belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü də yoxdur. İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan ordusunun hərbi büdcəsi isə 2.3 milyard dollardır, yəni 4 dəfəyə yaxın böyükdür. Bundan başqa, Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür, strateji ethiyatlarımız 52 milyard dollara yaxındır ki, Ermənistanda bu rəqəm 2.6 milyard dollar təşkil edir. Yəni, istənilən halda üstünlük Azərbaycan tərəfindədir və bu da yaxın günlərdə ordumuzun daha böyük zəfərlər çalacağının qarantıdır”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov isə deyib ki, müharibənin ölkəyə nə qədər zərər vurması onun davam edəcəyi müddətdən asılıdır:

“Düşünürəm ki, indiki strategiya qısamüddətli dövrdə nəticələrin əldə olunması və müharibənin dayandırılmasına hədəflənib. Nəzərə almaq lazımdır ki, indi 90-cı illər deyil, müharibənin 3-5 il davam etməsi də gözlənilən deyil. Böyük ehtimalla, bir neçə gün, ən uzağı yaxın bir neçə həftə ərzində Azərbaycan öz ərazilərini işğaldan azad edəcək. Beləliklə, sonrakı mərhələdə böyük ehtimalla, məsələ danışıqlar masası arxasında davam etdiriləcək. Ümumiyyətlə, Azərbaycanda dövlət büdcəsinin strukturu, hərbi xərclərin həcmi hazırkı prosesləri idarə etmək imkanı yaradır. Məsələn, cari il üçün hərbi büdcəmiz onsuz da kifayət qədər yüksək həcmdə proqnozlaşdırılmışdı. Üstəlik, avqust ayında dövlət büdcəsində dəqiqləşdirmə aparılanda hərbi müdafiə xərclərində 450 milyon manatlıq artım edildi. Yəni bu o deməkdir ki, müharibəni uğurla davam etdirmək üçün yetərincə maliyyə imkanları mövcuddur. Bundan əlavə, bizim iri həcmdə strateji valyuta ehtiyatlarımız var. Ölkənin iqtisadiyyatına təhlükə yarandıqda ondan rahatlıqla istifadə edə bilərik. Ermənistandan fərqli olaraq, bizim özümüzün əlavə maliyyə imkanlarımız mövcuddur. Bu baxımdan, prosesi iqtisadiyyatda hər hansı fasilə yaranmadan, ciddi çətinliklərlə üzləşmədən davam etdirmək gücündəyik. Hökumət də yəqin ki, iqtisadiyyatın davam etməsi, biznesin fəaliyyət göstərməsi üçün zəruri addımları atacaq. Bununla belə, Azərbaycan üçün müqəddəs prosesdə ölkəmiz hər hansı çətinliklə üzləşsə belə, əminəm ki, xalq da, biznes, bank sektoru da bütün imkanları ilə Azərbaycan dövlətinin yaranmış əlavə xərclərinin kompensasiyasında iştirak edəcək. Düşünürəm ki, indiki şəraitdə Azərbaycan bu müharibəni uğurla tamamlamağa, iqtisadiyyatını müharibənin yaradacağı risklərdən qorumağa hazırdır. Hətta proses qısamüddətli dövrdə tamamlanarsa, bu, iqtisadiyyatımız üçün əlavə fürsətlər yaradacaq. Bildiyiniz kimi, azad olunan ərazilərin bərpası üçün müxtəlif fondlar tərəfindən vəsaitlər ayrılıb. Bu fondlar Dağlıq Qarabağ ərazisində, ətrafdakı 7 rayonda təmir-bərpa işləri üçün vəsaitlər nəzərdə tutublar. Bu vəsaitlər də iqtisadi aktivliyi bərpa etməyə yetəcək”.

Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Vüqar Bayramov da hesab edir ki, Ermənistan yalnız ordusu ilə deyil, iqtisadiyyat baxımdan da Azərbaycana uduzur:

“Əvvəlki dövrlərdə də Ermənistan iqtisadiyyatını Azərbaycanla müqayisə etmək doğru olmaz. Ermənistan regionun ən zəif iqtisadiyyatına malikdir. Azərbaycan isə əksinə, bölgədə ən güclü iqtisadiyyata malikdir. Ermənistan təxribatından sonra iqtisadiyyatının daha da zəifləməsi müşahidə olunur. Ermənistanın milli valyutası apardığı təxribatlardan sonra dəyərini itirməyə başlayıb. Baş verənlərin fonunda Ermənistan dramı - milli valyutasının dəyərsizləşməsi davam edir. Təxribat davam etdikcə və onlar işğal olunmuş torpaqlarımızdan çıxmadıqca, Ermənistan milli məzənnəsində azalmalar müşahidə edəcəyik. Eyni zamanda, Ermənistan pandemiyadan əvvəlki dövrdə də zəif iqtisadiyyata malik idi. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 25 faizi işsizdir, gənclər arasında işsizlik səviyyəsi daha yüksəkdir. Düşmən ölkənin öz rəsmi statistikasında ölkədə beş nəfərdən biri yoxsul hesab olunur. Amma beynəlxalq hesabatlar Ermənistanda hər üç nəfərdən birinin yoxsul olduğunu göstərir. Həm yoxsulluq, həm də işsizlik səviyyəsi Ermənistanda kifayət qədərdir, nəticə etibarı ilə bu da Ermənistan iqtisadiyyatının mövcud vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Makroiqtisadi göstəricilərdə, o cümlədən ümumi daxili məhsulda da azalmalar var. Ermənistan təxribatı iqtisadiyyatının daha da zəifləməsinə və təbii ki, diktatura rejiminin çökməsinə gətirib çıxaracaq. Çünki iqtisadiyyat zəifləyir. Paşinyan meydanda verdiyi sözlərə əməl edə bilmir, sosial baxımdan gərginlik güclənir. Mövcud iqtisadi potensialla Ermənistan təbii ki, uzunmüddətli dövrdə müharibə aparmaq gücündə deyil. Faktiki olaraq Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyib. Bu baxımdan Ermənistanın son təxribatı nəinki Ermənistan ordusu, həm də iqtisadiyyatı üçün kifayət qədər ciddi və acınacaqlı nəticələr vəd edir”.