Ermənistan Gorus-Qafan yoluna olan İDDİASINDAN ƏL ÇƏKMİR

17:32 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan 21 kilometrlik hissəsindən "tam imtina etmir" və bunun "sərhədin delimitasiya-demarkasiyası nəticəsində həll olunacağına" ümid edir. Hafta.az xəbər verir ki, bu fikirləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Azərbaycan bu ilin sentyabrında Ermənistanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində polis və gömrük nəzarəti qurub. Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirmişdi ki, bu yoldan istifadə ilə bağlı ötən ilin dekabrında Azərbaycanla razılaşıblar.

Azərbaycan bu yolda İran nömrəli yük maşınlarını yoxlayır və gömrük rüsumu tətbiq edir. Bu, iranlı sürücülər arasında narazılıq yaratdığı üçün Ermənistan Gorus-Qafana alternativ yol tikir.

"Biz bu yoldan (Gorus-Qafan yolunun 21 kilometrindən) imtina etmirik, mübahisəli olan iki hissədən başqa, bu bizim yoldur. Bu belədir, ya belə deyil - delimitasiya və demarkasiya göstərər. Bu prosesdə ağrılı sahələr olacaq ya yox, hər halda bunları bilmək və qeyd etmək daha düzgündür ki, gələcəkdə insident olmasın", - Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə brifinq zamanı jurnalistlərə deyib.

Qnel Sanosyanın onu da əlavə edib ki, delimitasiya və demarkasiya prosesində hansı sovet xəritələrindən istifadə ediləcəyini bilmir. Amma ixtisasca coğrafiyaşünas olan nazir vurğulayıb ki, müxtəlif illərin xəritələri bir-birindən fərqlənir.