“Ermənistan İsraildə səfirlik açmaqla İrana xəyanət edib” – ayətullah Amili

12:40 08.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanda Qərb qrup hakimiyyətə gələndən sonra Ağ Evin tələb və tapşırığı ilə bu ölkənin İsraillə münasibətlərinin genişləndirilməsi gündəliyə salınıb. Bu səbəbdən də Ermənistanın Təl-Əvivdə səfirlik açmaq barədə verdiyi qərar, xüsusilə də şəxsən Nikol Paşinyanın razılığı çox təhlükəlidir. İrəvanın bu addımı İslam dünyasının, əsasən də İranın maraqlarına ziddir və ölkəmizdə geniş reaksiyalara səbəb olub, ciddi etirazlar bildirilib. Belə ki, bir çox siyasi simalar, ekspertlər, təhlilçilər, İslam Şura Məclisi təmsilçiləri Ermənistanın bu hərəkətinin nəticələri barədə xəbərdarlıqlar ediblər”.

Hafta.az yazır ki, bu fikirləri “Qafqaz Həqiqətləri” İnformasiya Agentliyinə müsahibəsində Ərdəbil şəhərinin imam cüməsi, ayətullah Seyid Həsən Amili səsləndirib.

Amili deyib ki, Ermənistan silah almaq üçün pulu olmayan Ermənistan Təl-Əvivdə səfirlik açmaq fikrinə düşməklə, öz gümanına əsasən, İsrailə yaxınlaşmaqla həm Qarabağın işğalını təsbit etməyə, həm də Azərbaycanın vaxtilə İsraildən aldığı silahlardan istifadə etməsinin qarşısını almağa çalışır.

“Ermənistanın Təl Əvivlə səfirlik açmaq səviyyəsində münasibətlərinin genişlənməsi həm Azərbaycan, həm də İran üçün böyük təhlükədir. Sionist rejimi Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bir tərəfdən özünün böyük arzusuna çatmış, digər tərəfdən də Azərbaycana qarşı xəyanət etmiş olur. Ermənistanın işğal edilmiş Fələstin ərazilərində səfirlik açması göstərir ki, İsraillə Ermənistan arasında Qarabağla bağlı təhlükəli razılaşma var və Azərbaycan – BMT Təhlükəsizlik Şurasının da onunla bağlı bir neçə qətnamə qəbul edərək dəstək verdiyi – öz torpaqlarını azad etməkdən məhrum olacaq” deyən Amili əlavə edib ki, səfirliyin açılması İran üçün də təhlükəlidir. Şübhəsiz, Ermənistanın sionist rejimlə səfirlik səviyyəsində münasibətlərinin genişlənməsi, İsrailin təhlükəsizlik və kəşfiyyat təşkilatlarının İran sərhədlərində mövcud olması deməkdir.

“Ermənistan İsrailin qonşu ölkələrdə hüzuruna İranın fövqəladə həssaslığını bildiyi halda belə bir xəyanətə yol verib, İran və müsəlmanların, bəşəriyyətin düşməninə Qafqazda hüzur üçün yaşıl işıq yandırıb. Digər tərəfdən, Ermənistanın Təl-Əvivdə səfirlik açması İran üçün diplomatik uğursuzluq sayılır. Belə bir şəraitdə gözlənti odur ki, ölkənin diplomatik aparatı Ermənistanın Qərbyönümlü hakimiyyətinə etiraz etsin. Əks təqdirdə, Ermənistan İranın sükutundan əmin olmaqla gələcəkdə daha da cürətlənəcək”, - deyib ayətullah Amili.