Ermənistan ordusu heç 15 il bundan sonra da Azərbaycan ordusu ilə üzbəüz gəlməyə qadir olmayacaq - General

13:41 28.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son günlər bəzi media vasitələrində belə məlumatlar yayılır ki, son bir neçə ildə Fransadan, Hindistandan hərbi texnika və silah-sursat alan Ermənistan ordusu guya sərhədə yaxın bəzi mövqeləri “geri qaytarmaq” üçün Azərbaycan ordusuna qarşı hücuma hazırlaşır. Bəs görəsən, Ermənistan ordusunun hazırkı  durumu necədir? Doğrudanmı o, müttəfiqlərinin dəstəyi ilə Milli Ordumuza hücum etməyə cəsarət göstərər?.

Hafta.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev məsələni belə şərh edib:

“Ermənistan ordusu heç 10-15 il bundan sonra da Azərbaycan ordusu ilə üzbəüz gəlməyə qadir olmayacaq. Çünki əvvəla, 2020-ci ilin 44 günlük savaşında Silahlı Qüvvələrimiz həmin orduya Qarabağda yetərincə sarsıdıcı zərbə endirərək onun onurğa sütununu sındırdı. İkincisi də, dövlətimiz əvvəlki illərdə olduğu kimi, son illərdə də ordumuzun ən müasir silah-sursat, texnika və texnologiya ilə təminat və təchizatını davam etdirir. Üçüncüsü də, qardaş Türkiyə və digər dost və müttəfiqlərimiz də ordumuzun inkişafında bizə  yetərincə dəstək olur. Ordumuz mütəmadi olaraq Türkiyə, Pakistan və s. ölkələrlə birgə təlimlər keçirir. Odur ki, bütün növ ordu birləşmələrindəki hərbi qulluqçularımız mənəvi-ideoloji baxımdan da yüksək səviyyədədir... Bir sözlə, ordumuz olduqca güclüdür və dünyanın ən güclü 50 ordusu sırasındadır”

“Sentyabrın 19-20-də Qarabağda keçirilmiş cəmi bir sutkalıq əməliyyat da göstərdi ki, artıq bizim ordunun Baş Qərargahı 3-4 il öncəki eyni qurum deyil, hazırda bizim Baş Qərargah işləyir və hər şeyi planlı şəkildə həyata keçirir...

Bütün bu deyilən və deyilməyən səbəblərdən, əvvəla, Ermənistan ordusu bizim orduya hücuma cəsarət edə bilməz. İkincisi də, hücuma keçəcəyi halda burnu əziləcək və  geri çəkilməyə məcbur olacaq. Bununla belə, arxayın da ola bilmərik. Bundan sonra da daim ayıq-sayıq olmalı və ordumuzu daha yüksək səviyyədə inkişaf etdirməyə davam etməliyik”- deyə general-mayor vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər