“Ermənistan sülh müqaviləsini ən qısa zamanda imzalamağa hazırdır” – Ararat Mirzoyan

11:05 03.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan bu prosesin əsas benefisiarlarından biri olduğu üçün Azərbaycanla əlaqələrin sürətlə qurulmasında, açılmasında və bərpasında son dərəcə maraqlıdır”.

Hafta.az-ın yazdığına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına bildirib.

“Əgər biz dəmir yolu xidmətindən danışsaq, ekspertlər hesab edirlər ki, onun tikintisi ən azı iki il çəkə bilər. Amma biz, məsələn, Azərbaycan Respublikasının infrastrukturundan və ərazisindən istifadə etməklə yük göndərə və qəbul edə bilərik”, - Mirzoyan bildirib.

Erməni xarici işlər naziri xatırladıb ki, Azərbaycanla sülh sazişinin mətni artıq paraflanıb. Onun sözlərinə görə, Ermənistan tərəfi bu müqaviləni ən qısa zamanda imzalamağa hazırdır.

“Azərbaycan tərəfi müəyyən ilkin şərtlər irəli sürür və biz bu gündəliyi bölüşmürük. Bununla belə, hələ sülh sazişinin yekun imzalanma mərasiminə qədər, artıq davam edən və ya imzalanmadan əvvəl həyata keçirilə biləcək proseslər var. Məsələn, biz bir-birimizə qarşı daha tolerantlıq imkanlarını və beynəlxalq platformalarda əməkdaşlıq perspektivlərini müzakirə etdik”, - nazir qeyd edib.

O, onilliklər davam edən münaqişədən sonra Ermənistan - Azərbaycan münasibətlərində yığılan problemləri, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasını, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik delimitasiyası prosesini də xatırladıb.

“Barışma prosesi vaxt aparacaq. Sülh bərqərar edilib, lakin bunun üçün hər iki tərəfdən daimi qayğı və gündəlik səylər tələb olunur”, - Mirzoyan fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısının açılış mərasimi çərçivəsində keçirilən görüşdən sonra dialoqu davam etdirmək barədə razılığa gəliblər.