“Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır, əks halda...” - Politoloq

10:46 20.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu müxtəlif zaman kəsiklərində eyni fikri səsləndiriblər: “Qərbi Zəngəzurda nə olacaqsa, Laçın istiqamətində də o olacaq”. Yəni Zəngəzur dəhlizi açıq olacaqsa, Laçına alternativ inşa edilən yeni yol da açıq olacaq, yox əgər Ermənistan Qərbi Zəngəzurda gömrük və sərhəd xidməti vasitəsilə Azərbaycan vətəndaşlarını yoxlayaraq keçirəcəksə, Ermənistanla Qarabağı birləşdirən yolda da Azərbaycan gömrük və sərhəd xidməti fəaliyyət göstərəcək”.

Bunu hafta.az-a son günlər erməni silahlılarının Azərbayacan sərhəddində atəşkəsi yenidən pozmasının qarşısının necə alınması ilə bağlı açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, əslində, Azərbaycan Qərbi Zəngəzurla bağlı məsələnin həllini gözləmədən gömrük və sərhəd xidmətimiz Ermənistanla Qarabağ arasındakı yolda fəaliyyətə başlamalıdır.

“Doğrudur, bu halda Qərbi Zəngəzurun açıq dəhliz olması ehtimalı azalacaq. Bütün hallarda Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır, əks halda keçmiş illərdə olduğu kimi bu yoldan silah və sursat keçirmək üçün istifadə ediləcək, xarici vətəndaşlar Azərbaycanın icazəsi olmadan Xankəndiyə gələcəklər”.

Politoloq bildirib ki, erməni oyunlarına son vermək lazımdır.

“Ermənistanın baş naziri Nikol Paşinyanı Laçına alternativ olan dəhlizin necə olacağı maraqlandırmır. Əgər Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə, həmin yol da onu maraqlandırmır, üstəgəl, separatçıların büdcəsinə də maliyyə ayırmaq istəmir”.