Ermənistanla təmaslarımızın intensivləşməsi vacibdir - Rəy

14:10 22.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesində çox vacib addımlar atılır. Azərbaycan Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlıdır. Bu mənada hər iki tərəfin Vətəndaş cəmiyyəti təmsilçiləri intensiv münasibətlər mərhələsinə keçməlidirlər”.

Bunu Hafta.az-a siyasi şərhçi Azər Həsrət Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Ermənistana səfəri ilə bağlı açıqlamasında bildirib.

Ekspert Azərbaycan Prezidentinin Qazağıstan səfərində Prezident Qasm Jomərt Tokayevlə birlikdə mətbuata verdiyi açıqlamaya diqqət çəkib:

“Ölkə başçısı orada xüsusi olaraq vurğuladı ki, Azərbaycan Qazağıstan yükünün Ermənistana keçməsi üçün şərait yaradıb və tranzit yüklərinin daşınması üçün yolları açıb. Eyni zamanda onu da qeyd etdi ki, 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizi işə düşəcək.

Artıq dövlətlərarası münasibətlər normallaşır. Dövlət rəhbərləri bir-biri ilə təmasdadırlar. Əlbəttə ki, belə bir şəraitdə vətəndaş cəmiyyətləri də bu məsələnin intensivləşməsinə töhfə verməlidir. Ona görə də əgər Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistana gedir, Ermənistan cəmiyyəti təmsilçiləri Azərbaycana gəlirsə, deməli, gözlənilən vaxt çatıb”.

Ekspert vurğulayıb ki, torpaqlarımız işğaldan azad edilmədiyi vaxtlarda da ermənilərlə təmaslarımız olub:

“Mən özüm də 2021-ci ildə Ermənistanda olmuşam. Biz o təmasları qurmuşduq və çalışırdıq ki, xalq diplomatiyası vasitəsilə münaqişəni həll etməyə yardımçı olaq. Bütün bu cəhdlərimiz nəticə vermədiyinə görə, Azərbaycan məsələni güc vasitəsi ilə həll etməli oldu. Amma indi yeni mərhələdəyik və xalqların bir-biri ilə ünsiyyət qurması, etimad mühitinin yaradılması vacibdir".

A.Həsrət ümumiyyətlə Ermənistanla təmaslarımızın intensivləşməsinin tərəfdrı kimi çıxış edir. Bildirir ki, bu baş verərsə, üçüncü tərəflər araya girməz:

“Çünki Rusiya daim pusqudadır. Hər an bizi qarşı-qarşıya gətirmək üçün fürsət axtarır. O fürsəti Rusiyaya və ona bənzər üçüncü tərəflərə verməmək üçün xalqlar arasında etimad mühiti yaradılmalıdır. Bu prosesdə vətəndaş cəmiyyətlərinin rolu əvəzsizdir”.

A.Həsrət hesab edir ki, hər iki tərəfin media qurumlarının da intensiv təmaslarının vaxtı çatıb:

"Azərbaycanın televiziya kanalları, media qurumları efir və səhifələrində ayrı-ayrı erməni ekspertlərinə yer verməlidirlər. Eyni imkanlar Ermənstan media orqanlarında da yaradılmalıdır".