Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq"
Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.
Hafta.az xəbər verir ki, bunun üçün “əsgər kartları” hazırlanıb. Qeyd olunub ki, artıq “əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:
“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında qeyd edilib ki, hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir.
Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir:
"Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".