Fələstin xalqı zəlzələdən zərərçəkmişlərə 1 MİLYON DOLLAR İANƏ TOPLAYIB

10:45 11.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fələstinin Vəqflər və Din İşləri naziri Hatəm əl-Bəkri, Fələstin xalqının Türkiyə və Suriyada zəlzələdən zərər çəkmişlər üçün təxminən 1 milyon dollarlıq ianə topladığını deyib.

Hafta.az-ın yazdığına görə, cümə namazından sonra İsrailin işğalı altında olan Fələstindəki məscidlərdən Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün ianələr edilib.

"Cümə namazından sonra Türkiyə və Suriyada zəlzələ qurbanları üçün ianə kampaniyasında 3,5 milyon şekel (təxminən 1 milyon dollar) toplandı", - nazir deyib.

Bəkrinin sözlərinə görə, nazirlik özü kampaniyaya ayrıca 100 min dollar ianə verəcək.

Xatırladaq ki, fevralın 9-da Fələstin prezidenti Mahmud Abbas və baş nazir Məhəmməd İştiyyanın göstərişi ilə "Əzablarını yüngülləşdirin" adlı yardım kampaniyası başladılıb.