Fələstinli nazir Ayasofyada cümə namazı qıldıracaq

10:15 15.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulun simvolu olan Ayasofyada aprelin 22-də Cümə namazını Fələstinin Vəqflər və Din İşləri naziri Hatəm Məhəmməd Helmi Əbdülsamiə Əl-Bakri qıldıracaq.

Hafta.az-ın yazdığına görə, xarici ölkə rəsmisinin namaz qıldırma mərasimi, prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı, Diyanət İşləri başqanı Əli Ərbaşın ilk Cümə namazı qıldırması ilə iki il öncə - 24 iyul 2020-ci ildə ibadətə açılan Ayasofya Kəbir Camedə ilk hadisə olacaq.

Tarixi came iki ildir davam edən pandemiyada qapalı qalan qapılarını bu Ramazan möminlərin üzərinə açıb. Ayasofya Mədrəsəsi isə bu gündən etibarən fəaliyyətə başlayır. Belə ki, cameyə bitişik tikilmiş qədim mədrəsə binası 1936-cı ildə sökülüb dağıdılsa da, əvvəlki memarlıq üslubunda və eyni tikinti materiallarından istifadə etməklə yenidən tikilib və bu gün prezident Ərdoğanın iştirakı ilə xalqın istifadəsinə verilib. 

Yuxarıda qeyd etdiyimiz kimi, gələn cümə isə Fələstindən gələn Vəqflər və Din İşləri naziri Hatəm Məhəmməd Helmi Əbdülsamiə Əl-Bakri cümə namazına imamlıq edəcək.

Əl-Bakrinin Ayasofyada namaz qıldırma təklifi Fələstinin Ankaradakı səfiri Faed Mustafa tərəfindən Diyanət İşləri Başqanı Əli Ərbaşa verilmiş və müsbət cavab almışdı.

Bu arada, 2020-ci il dekabrın 4-də də Cümə namazını Qüdsdəki Məscidi Aksanın imamı Şeyx İkrimə Səbri qıldırmışdı.

Xatırladaq ki, Ayasofya camesinə ibadətə açıldığı gündən vətəndaşlar böyük maraq göstərməkdədir. Bu müddətdə 4 milyondan çox insan Ayasofya camesini ziyarət edib. Xüsusilə də 1-ci, 5-ci və 6-ci günlər cameyə gələn ziyarətçi sayı günlük 30 mindən yuxarıdır.