FHN-in yanğınsöndürmə qüvvələrindən ibarət ikinci qrup da Türkiyəyə yola salınıb

21:50 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb.

Hafta.az xəbər verir ki, yanğın-xilasetmə qrupuna 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Qrupu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və müvafiq tapşırıqlar verib.

Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib. Bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün

birlikdə fədakarlıqla çalışırlar. Bu gün yola düşən ikinci qrupun tərkibində 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici yer alıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çatacaq və birinci qrupun üzvlərinə qoşularaq yanğınların söndürülməsində iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup ötən gün Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.

Oxunma sayı 609