FHN-nin aidiyyəti qurumları maarifləndirici tədbirlər keçirib

15:00 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba və Xaçmaz rayonlarının Mərkəzləşdirilmiş kitabxana sistemlərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd Ailə Sağlamlıq Mərkəzinin və Suvagil kənd Mədəniyyət evinin əməkdaşlarının iştirakı ilə həmin Mədəniyyət evində, Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Oxunma sayı 176