FHN qüvvələri Muğlada yanğınların söndürülməsində fədakarcasına iştirak edir

18:16 08.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə meşə yanğınları davam edir. Ən son məlumatlara görə, iyulun 28-dən 47 vilayətdə qeydə alınan 223 yanğından 217-si nəzarətə alınıb. Şiddətli yanğınlardan 5-i ölkənin Muğla vilayətindədir.

Muğladakı beş şiddətli yanğın nöqtəsinə 6 təyyarə və 39 helikopterdən müdaxilə olunur. Bundan başqa, çox sayda yanğınsöndürmə maşını və su tanker maşınları böhranın aradan qaldırılmasına cəlb olunub.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri Muğlada ən qaynar nöqtələrdə yanğınların söndürülməsində fədakarcasına iştirak edirlər. 

Əldə etdiyimiz məlumatlara əsasən, Azərbaycan yanğınsöndürənləri Türkiyə tərəfi ilə koordinasiyalı şəkildə gün ərzində təxminən 5-8 yanğın nöqtəsində alovlara qarşı mübarizə aparırlar. FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb. Stansiyaların ərazisində geniş zolaqla izolyasiya həyata keçirilib, yanğın təhlükəsi riski maksimum aşağı salınıb.

Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.