Gələcəyin əsas gücü

09:44 02.02.2026
Yazını böyüt
Yazını kiçilt

"2 Fevral - Gənclər Günü yalnız bayram deyil, eyni zamanda gənclərə olan inamın, ümidin və məsuliyyətin ifadəsidir. Bu gün gənclərin səsi eşidilir, ideyaları dəstəklənir, cəmiyyətin inkişafında onların rolu ön plana çəkilir. Gənclərin fəallığı və enerjisi Azərbaycanın davamlı inkişafının, parlaq gələcəyinin əsas təminatıdır".

Bunu Gənclər Günü ilə bağlı Hafta.az-a danışan Nizami rayon icra hakimiyyətinin məsul işçisi, MMP sədr müavini Könül İsmayılova bildirib.

"Əminliklə demək olar ki, Azərbaycan gəncliyi üzərinə düşən məsuliyyəti dərk edir və ölkəmizin daha güclü, daha müasir dövlətə çevrilməsi naminə əzmlə çalışır. Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edir, onlara sağlamlıq, uğurlar və daim yüksələn nailiyyətlər arzulayıram.

Bu gün Azərbaycan gəncləri müasir, bilikli, dünyagörüşlü və milli dəyərlərə sadiq bir nəsil kimi formalaşır. Onlar yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycanın adını layiqincə təmsil edir, elm, təhsil, idman, mədəniyyət və innovasiya sahələrində uğurlu nəticələr əldə edirlər. Dövlət gənclər siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi bu nailiyyətlərin əsasını təşkil edir", K.İsmayılova deyib.

K.İsmayılova vurğulayıb ki, son illərdə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması, startap və innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb:

"Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi yüksək vətənpərvərlik, birlik və qətiyyət nümayiş etdirdi. Gənclər həm ön cəbhədə, həm də arxa cəbhədə fəal iştirak edərək tarixi Qələbənin qazanılmasında mühüm rol oynadılar. Bu, gənc nəslin milli ruhda tərbiyəsinin və dövlətinə bağlılığının parlaq təzahürü idi.

Müasir dövrdə qloballaşma prosesləri gənclər qarşısında həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal transformasiya gənclərdən daim öz üzərində işləməyi, bilik və bacarıqlarını yeniləməyi tələb edir. Bu baxımdan, Azərbaycan gəncliyi innovativ düşüncəyə açıq, rəqabətədavamlı və təşəbbüskar olmalıdır".

Arzu Zeynallı