Gənc sahibkarlar mükafatlandırıldı

21:49 09.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 9-da dünya kuboku uğrunda yarışan gənc sahibkarların mükafatlandırılması mərasimi baş tutub.

Hafta.az-ın məlumatına görə, 29-30 avqust tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı” keçirilmişdir. Final mərhələdə iştirak edən 16 komandadan 4-ü yarışın finalına vəsiqə qazanmış və məhz onlar arasından qaliblər və nominasiyalar üzrə mükafatçılar yarışın idarə heyətinin üzvləri tərəfindən seçilmişdir.

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Aydınov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov iştirak edərək, qalib komandaların hər birinə kubok, sertifikatlar, komanda kapitanlarına hədiyyələr və nominasiyalar üzrə seçilmiş komanda üzvlərinə hədiyyələr təqdim etmişlər.
Bu ilki yarışın qalibi seçilən Bakı Dövlət Universitetinin komandası cari ilin sentyabr ayında virtual şəkildə keçiriləcək “Enactus Dünya Kuboku 2020”də ölkəmizi təmsil etmək hüququ qazanıb.

 

Əsas məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onların nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə yardım göstərmək, biznes, təhsil və sosial layihələr həyata keçirmək, xüsusilə də ölkələrdə kiçik və orta sahibkarlığin inkişafına dəstək vermək olan “Enactus” proqramına Azərbaycan 2005-ci ildən qoşulub.