Gənc xanımlar arsında sayı artan abortlar - TƏHLÜKƏ

14:53 21.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların 777-si ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib.18-19 yaşlı qadınlar arasında aborta gedənlərin sayı 1270 olub. 20-24 yaşlı qadınlar arasında 7552, 25-29 yaşlı qadınlar arasında 10993, 30-34 yaşlı qadınlar arasında  9445, 35 yaşdan yuxarı olanlar arasında isə 5430 abort qeydə alınıb.

Rəqəmlər heç də az deyil. Bəs görəsən abort qadınların sağlamlığına nə kimi mənfi təsirlər göstərir? Bu hal 15-18 yaş arası qızlarda sonradan ana olmağa mane törədə bilərmi?

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən ginekoloq Rəşad Sultan söylədi ki, abort cərrahi müdaxilədir və bu zaman müəyyən risklər var. Bura gələcəkdə ana ola bilməmək də daxildir:

“Uşaqlığın dəlinməsi, qanaxma, infeksiya, qalıq qalması və bundan sonra baş verəcək ağırlaşmalar kimi hallar abortdan sonra müşahidə edilə biləcək təhlükələrdəndir. Belə hallar gələcəkdə xanımların ana olmasına mənfi təsir edə bilər. Burada məsələ tək ana ola bilməməkdən getmir. Abort deyəndə hamı elə düşünür ki, bir də xanımın övladı olmayacaq. Xeyr, başqa risklər də mövcuddur”.

Mütəxəssis məktəblərdə şagirdlərə arzuolunmaz hamiləliklərdən qorunmağın təbliğinin vacibliyini xüsusi vurğuladı:

“Mənim fikrimcə belə cərrahi müdaxiləyə ehtiyac yoxdur. Biz mütəxəssislər hər zaman arzuolunmaz hamiləliklərin əleyhinəyik. Ölkə qanunları ailə planlaması kimi 12 həftəyə qədər aborta icazə verir. Lakin abortdansa arzuolunmaz hamiləliklərin qarşısını “qorunma” yolu ilə almaq daha doğrudur. Ona görə də qorunmağı mütləq şəkildə təbliğ etmək lazımdır. Arzuolunmaz hamiləliklərdən və cinsi yolla keçən xəstəliklərdən qorunmaq məktəblərdə təbliğ edilməlidir. Yaşla əlaqədar 15-18 yaş arası hamiləliyin davam etdirilməsi riskdir. Lakin abort erkən yaşda daha risklidir deyə bilmərik. Hər yaşada mümkün təhlükələr eynidir”.

Oxunma sayı 34