Gəncə Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə XV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib.
Hafta.az xəbər verir ki, festivalın bədii proqramında Azərbaycan, Türkiyə və Qırğızıstanın musiqi və rəqs kollektivləri çıxış ediblər.
Qırğızıstan Respublikasının Bişkek şəhərində fəaliyyət göstərən "Seytek" Milli Uşaq və Gənclər Mərkəzinin "Ak-Niyyət" Xalq Xoreoqrafiya Ansamblının, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq Rəqsləri Ansamblının, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının, Estrada Ansamblının və "Xəmsə" ritm qrupunun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bədii hissədən sonra Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədr müavini Sayit Yusuf çıxış edərək festivalın Türk dünyasının ortaq mədəni irsinin tanıdılması, xalqlar arasında dostluğun və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, festivalın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edib və bu ənənənin gələcək illərdə də davam etdiriləcəyinə inandığını vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının ilk dəfə Gəncədə keçirilməsi şəhərin zəngin mədəni irsinə və yaradıcı potensialına verilən yüksək qiymətin göstəricisidir. O qeyd edib ki, müxtəlif ölkələrdən sənət adamlarını bir araya gətirən festival mədəniyyətlərarası dialoqun inkişafına, Türk dünyası ilə digər xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.