- FOTO
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) üzv olan gənclər təşkilatları üçün Binəqədidə infotur təşkil olunub. Gənclər məlumatlandırma turu çərçivəsində novatorluğu, gənclərlə bağlı işlərdə aktiv fəaliyyəti ilə seçilən Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə də tanış olublar.
“Həftə içi”nin məlumatına görə, infoturda ARGTMŞ-nin sədri Şahin Seyidzadə, ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları iştirak ediblər. Məlumat turu ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. İştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası, rayonun Heydər Əliyev adına istirahət parkı, “Çoxmənzilli yaşayış binalarında yeni idarəetmə” formaları haqqında rayon sakinlərini maarifləndirmək məqsədilə yaradılmış səyyar ofis, İcra Hakimiyyəti tərəfindən əhalinin müraciətlərinin operativ həlli üçün yaradılmış “Sakinlərin Müraciət Xidməti” və digər yeniliklərlə tanış olublar. Binəqədi RİH-in bir sıra təşkilatlarla, o cümlədən QHT və gənclərlə birgə işgüzar layihələr və tədbirləri haqqında iştirakçılara məlumatlar verilib.
Məlumat turu çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallları ilə görüşüb. Görüşdə gəncləri maraqlandıran məqamlar ətrafında söhbət aparılıb və onların sualları cavablandırılıb. Gənc nəslin fiziki və mənəvi sağlamlığının daim diqqətdə saxlandığını deyən icra başçısı “Bakı-2015” Avropa Oyunlarına hazırlıqlardan da danışıb.
Görüşdə çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə gənclər təşkilatları və dövlət qurumları arasında əməkdaşlığın vacibliyini qeyd edib. O, bildirib ki, Azərbaycanın ictimai siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını, minlərlə gənci birləşdirən Gənclər Təşkilatları Milli Şurası daima Azərbaycan dövlətinin prioritetlərini dəstəkləyib və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinə, Binəqədi rayonunun gəncləri və gənclər təşkilatlarının inkişafında verdiyi tövhələrə görə fəxri fərman təqdim olunub.
Qələndər