Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

18:40 14.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Hafta.az-ın yazdığına görə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda fondun 2022-ci il üzrə hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətlərdə fikir mübadiləsi aparılıb. Eyni zamanda, 2023-cü il üzrə fondun fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib. Həmçinin cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar dəstək məqsədilə qardaş ölkəyə yollanan Azərbaycan könüllülərinin fəaliyyətinə dair məlumat və videotəqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədilə müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata keçirilən layihələrə nəzər yetirilməsini təklif edib. Bununla əlaqədar gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində “Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb. 

Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən fondun fəaliyyətini tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.

İclasda, həmçinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 2021-ci il 7 iyul tarixli Fərmanına uyğun olaraq, fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun optimallaşdırılmasına imkan yaradacaq.