Gender bərabərliyinə yeni töhfə

11:39 01.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycanda qadınlara qarşı-ayrı seçkiliyin bütün halları qanunvericiliklə qadağandır. Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Amma ölkədə bəzi qanunvericilik aktları var ki, cəmiyyətdə qadınlara qarşı-ayrı seçkiliyi tam aradan qaldırmağa imkan vermir. Məsələn, gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır.

Belə ki, ölkəmizdə qadınlarla kişilər əmək bazarında bərabər hüquqlara malik deyillər və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normativlərə əsasən qadınlara bəzi sahələrdə işləmək qadağandır. Dövlət başçısının imzası ilə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində məhz əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında fəal iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək, eyni zamanda, qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta aylıq əmək haqlarının kişilərin aylıq orta əmək haqqına yaxınlaşması təmin ediləcək.

Yeri gəlmişkən, statistik məlumatlara görə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon nəfərdən çoxdur. Onun 48,6 faizi və ya 2,4 milyonu qadın, 51,4 faizi və ya 2,6 milyon nəfəri kişilərdir. İqtisadi qeyri-fəal əhalinin sayı isə 2.1 milyon nəfərdən çoxdur. Onun 1,4 milyon nəfəri və ya 65,8 faizi qadın, 733 min nəfəri və ya 34,2 faizi kişilərdir.

2016-cı ildə hazırlanan milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə görə, Azərbaycan iqtisadiyyatının qarşısına qoyulacaq əsas vəzifələrdən biri qadınların əmək bazarına cəlb olunması, onların keyfiyyətli işlə təmin edilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı üzrə stimullaşdırıcı tədbirlərin görülməsidir. Bunun üçün İqtisadiyyat Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə bir sıra səlahiyyətlər qoyulub. 2019-2030-cü illər üçün Məşğulluq Strategiyasında da qadınlar arasında işsizlik səviyyəsinin azaldılması prioritet məsələ olaraq nəzərdə tutulub. Eyni zamanda 2025-ci ilədək qadınların səmərəli məşğulluğu və layiqli əməyə nail olunması strateji hədəf olaraq seçilib.

Hazırda Nazirlər Kabinetinin qərarına uyğun olaraq Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır. Qadınlara qadağan edilən iş yerləri arasında xəmir yoğuran, mal-qara kəsən, dalğıc, desant-yanğınsöndürən, paraşütçü-yanğınsöndürən, əl ilə odun doğrayan, buldozer maşinisti, bacaların və sobaların təmizlənməsi ilə məşğul olan təmizləyici, əl ilə elektrik qaynaqçısı, təyyarələrə texniki xidmətlə məşğul olan mühəndis və texnik kimi peşələr də var. Bu peşələrdə çalışmağın qadınlara qadağan olunmasının səbəbi Əmək Məcəlləsində qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərə dair normalardır.

Həmin normalara görə:

- Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

- Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

- Qadınların 15 kiloqramdan artıq ağır əşyaların qaldırılması və 10 kiloqramlıq əşyanın bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

- Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.Bu gün dünyada qadın əmək haqqı ilə kişi əmək haqqı arasında kifayət qədər fərq var.

Əslində bu problem təkcə ölkəmizdə mövcud deyil. Hazırda dünyanın 104 ölkəsində bu tip qadağalar mövcuddur. Eyni zamanda, 29 ölkədə qadınların gecə növbəsində işləməsinə icazə verilmir, 18 ölkədə isə kişilərin öz həyat yoldaşının işləməsini qadağan etmək hüququ var. Amma belə qadağalar əsasən zəif inkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdə müşahidə edilir, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində bu tip qadağalara rast gəlinmir. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan iqtisadiyyatı zəif olan ölkələr sırasında deyil və bu gün ölkə iqtisadiyyatı kifayət qədər inkişaf edib. Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə dayanıqlı inkişafın təminatçısıdır. Ümumiyyətlə, 2022-ci ildə ümumi daxili məhsul -  7,2 faiz, qeyri-neft sektoru 11,5 faiz, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Xarici borcumuz ÜDM-nin 12,5 faizini təşkil edir. Ölkəmizin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb.

Göründüyü kimi, Azərbaycan getdikcə iqtisadi imkanlarını daha da gücləndirir. Bu isə onu deməyə əsas verir ki, cəmiyyətin, insan kapitalının inkişafına mane olan qanunvericilik aktlarının müasir dövrün çağrışlarına uyğunlaşdırılmasının tam zamanıdır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də bizimlə söhbətində bildirib ki, bu dəyişikliklər Azərbaycanın gender bərabərliyi siyasətinə növbəti töhfədir. O, təklif olunan qanun layihəsinin qadınların əmək hüququnun daha da genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət edəcəyini bildirib: “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi eyni zamanda, insan kapitalının inkişafı sahəsində ölkədə həyata keçirilən işlərin davamıdır. Bu sənədlə Azərbaycanda 674 adda peşədə qadınların əməyinə qoyulan qadağa ləğv edilir, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur. Layihə işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması kimi məsələlərin hüquqi tənzimlənməsini nəzərdə tutur. Həmçinin dəyişikliklərə əsasən, işçilərin attestasiyası, ixtisarı kimi hallarda işçinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

Komitə sədri əlavə edib ki, kimya sənayesinin müxtəlif sahələri, yüksək radiasiyalı müəssislər, yüksək təhlükəlilik törədə biləcək sahələrdə də bundan sonra da qadınlar çalışmayacaq: “Qanun qəbul olunandan sonra ağır işlərin siyahısı Nazirlər Kabineti tərəfindən yenidən tərtib olunacaq”.

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov isə deyib ki, hazırda “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında" qərarda 500-dən çox iş və peşədə qadınların işləməsi qadağandır: "Bu reproduktiv sağlamlığın qorunması naminə edilir. Amma qlobal təzyiq artıq bu siyasəti dəyişməyi zəruri edib. Hazırda belə iş yerlərinin məhdudlaşdırılması nəzərdə tutulur. Bu addım isə qadınların əmək bazarında fəaliyyətinin genişləndirilməsinə şərait yaradılacağı gözlənilir”.

Onun sözlərinə görə əmək qanunvericiliyində qadınlara təxminən 27 növ güzəşt və ya imtiyazlar nəzərdə tutulur: “Onlardan əhəmiyyətli hissəsi xərc tutumlu və ya işəgötürənin dolayı xərcə düşməsinə gətirir. Məşğul qadınların xeyli hissəsi bu imtiyaz və güzəştlərdən bəhrələnə bilmir. Bunun bir neçə səbəbi var. Birincisi, qeyri-formal məşğulluqdur. Bu zaman qadınlar nəinki bu imtiyaz və güzəştlərdən istifadə edə bilmir, hətta onların əmək qanunvericiliyi ilə müəyyən edilən elementar hüquqları da təmin olunmur. İkinci səbəb imtiyaz və güzəşt xərclərinin əksəriyyətinin işəgötürənin üzərində olmasıdır. Ona görə də əmək qanunvericiliyində qadınlar üçün nəzərdə tutulan imtiyaz və güzəştlərin təsnifatladırılması zərurəti var. Eyni zamanda, bu güzəşt və imtiyazlar üçün nəzərdə tutulan bütün xərclər işəgötürənin üzərində qala bilməz. Bunun bir hissəsi dövlətin və ya dövlət tərəfindən yaradılan xüsusi fondların üzərinə keçirilməlidir. Əks halda qadınlara qarşı gizli diskriminasiya davam edəcəkdir".

Oxunma sayı 11002