"Azərbaycanın ikitərəfli əməkdaşlıqlar və iqtisadi diplomatiya dövrü başlanıb. BMT-nin 80-ci sessiyasında baş verənlər və Azərbaycan Prezidentinin bu məclisdə çıxışı bunu bir daha bəyan etdi".
Bunu Hafta.az-a siyasi şərhçi Aydın Quliyev 2023-cü ilin antiterror əməliyyatından sonra Azərbaycan diplomatiyasının üstünlük verdiyi əsas istiqamətləri şərh edərkən bildirib.
A.Quliyev Azərbaycanın dünya ölkələri ilə çoxtərəfli əməkdaşlıq imkanlarına diqqət çəkərək, bu əməkdaşlıqların daha da gücləndirilməsini əsas amil kimi qeyd edib:
"Dünya indi elə bir mərhələyə daxil olub ki, regional və qlobal beynəlxalq təşkilatların bir qismi təsir imkanlarını itirməkdədir, bir qismi hansısa dövlətin və ya dövlətlər Qrupunun maraqlarına "əsir düşüb", başqa bir qismi isə ən yaxşı halda yeni cücərən təşkilatlar olduqları üçün hazırkı vəziyyəti zəif, gələcəyi isə qeyri-müəyyəndir. Belə şəraitdə Prezident İlham Əliyevin ölkəmizin öz seçimlərinə uyğun olaraq ikitərəfli əməkdaşlıq formatlarını haqlı olaraq önə çəkməsi mühüm strateji addımdır. Azərbaycanın bu əməkdaşlıq formatı üzrə fəaliyyətinin ucları Afrikaya, Latın Amerikasına, Avropa və Asiyaya da gedir. Bunların hər biri üzrə konkret nümunələr göstərmək olar. Təkcə BMT çərçivəsində İlham Əliyevin Ruanda dövlət başçısı ilə görüşünü göstərmək kifayətdir".
A.Quliyev ikinci əsas istiqamət kimi prezidentin özünün "İqtisadi diplomatiya" adlandırdığı məsələni önə çəkib. Bildirib ki, bu istiqamətdə öz mahiyyətinə görə tək Azərbaycanın özünün müharibədən sonra yaratdığı regional reallıqlara uyğunluğu ilə seçilmir, həm də qlobal miqyaslı proseslərin də tələbinə uyğundur:
"44 günlük müharibəyə qədər Azərbaycanın diplomatiyasının mahiyyəti bir qədər fərqli idi. Ölkə danışıqlar masalarında fəal iştirak etməklə yanaşı, hərbi gücünü də hər gün artıraraq əslində "kononyor diplomatiya" taktikasını işlədirdi. Yəni "mən müharibəyə hazırlaşıram" mesajı ilə ilk mərhələdə Ermənistanı danışıq masasında güzəştə məcbur etmək istəyirdi, ikinci mərhələdə isə məcburən birbaşa hərbi güc tətbiqinə əl atdı. İndi Azərbaycan hərbi gücünü artırmaqla bərabər bunu siyasi müstəvidə kiməsə təzyiq vasitəsi kimi qabartmır, əslində siyasi təzyiq göstərməli ölkə də yoxdur. İndi artırılan hərbi gücümüz ölkənin daha da gücləndurmək istədiyi iqtisadi potensialın etibarlı müdafiəsinə yönəldilir. Yəni, bir tərəfdən dünyanın bütün qütblərindən ölkəyə iqtisadi rıçaqlar cəlb olunur, digər tərəfdən isə ölkənin artırılan hərbi gücü ilə iqtisadiyyatın çox etibarlı müdafiə olunacağı barədə aydın mesajlar verilir. Eyni zamanda, artırılan iqtisadi güc hərbi gücün yenidən artırılmasının maliyyə mənbələrindən birinə çevrilir. Bakıda keçirilmiş Birinci beynəlxalq investisiya forumu, ABŞ-da Prezidentin dünyanın ən nəhəng şirkətləri ilə anlaşmaları "iqtisadi diplomatiyanın" geosiyasi reallıqlara uyğun üsulları kimi nəzərdən keçirilə bilər...
Hər iki üsul - ikitərəfli əməkdaşlıq formatı və iqtisadi diplomatiya - yeni dünya düzəninin yaranmağa başladığı indiki şəraitdə Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik və əməkdaşlıq maraqlarına ən optimal şəkildə cavab verən taktikanın iki tərəfidir. Sürətlə dəyişən geosiyasi reallıqların diplomatiyamızın yeni formalarını önə çıxaracağı istisna deyil".