Gərginlik sərhədimizə də çatdı - Aktual

12:40 19.08.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yaxın Şərqdə gərginlik səngimir. Bu gərginlik sərhədlərimizə qədər dayanıb. Söhbət İran və İsrail arasında yenidən alovlanan qarşılıqlı ittihamlardan gedir. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsindən sonra Tehran İsrailə cavab zərbəsi endirəcəyini açıqlayıb. Bu açıqlamalar fonunda beynəlxalq media qurumlarından bəziləri İranın “hədəfləri” arasında Azərbaycanın da adını çəkir. Məsələn,  Britaniyanın “The Telegraph” nəşri İran prezidentinin İsrailin Azərbaycandakı bazalarına zərbələr endirmək təklifi barədə məlumat dərc edilib. İngilis nəşrinin İran prezidentə yaxın mənbəyə istinadən -“Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər” yazıb. Digər tərəfdən, “O, Azərbaycanda və ya İraq Kürdüstanında İsraillə bağlı nəyisə hədəfə almağı və sonra bu barədə həmin ölkələrlə danışmağı və bütün dramlara son qoymağı təklif edib”, - deyə Pezeşkianın digər köməkçisi “The Telegraph”a bildirib.

İran və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində hər iki tərəfdən göstərilən yüksək siyasi iradə fonunda belə bir ssenarinin mümkünlüyü inandırıcı görünmür. Lakin o da faktdır ki, hazırda Tehranda siyasi hakimiyyət uğrunda müəyyən qüvvələrin gizli savaşı da gedir. Məhz bu amildən çıxış edərək tərəflər bir-birilərini zəif göstərmək, xarici siyasətdə normallaşan münasibətləri yenidən gərginləşdirmək üçün manipulyativ üsullara əl atır. Məlum informasiyanı da bu baxış bucağından dəyərləndirə bilərik. Bununla belə, açıq qalan suallar da var. Məsələn, yeni seçilən prezident Pezeşkianın “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyaları rəsmi Tehran nə təkzib, nə təsdiq edir.

İranda Azərbaycanla normallaşan münasibətləri pozmaq istəyənlər kimlərdir? Azərbaycana qarşı bu dezinformasiyaların arxasında kim durur?

Politoloq Natiq Miri bildirib ki, verilən məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanda nəinki İsrailin, heç bir dövlətin hərbi bazası yoxdur. Yaxın perspektivdə də belə bir bazanın olması planlaşdırılmır. N.Miri bunun hələlik Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun olmadığını deyib:

“Ona görə də yayılan bu məlumatlar dezinformasiyadır. İkincisi, düşünürəm ki, İsrailə İranın hücum etməsini istəməyən xarici qüvvələr İran hökumətinə pas ötürür ki, İsrailə hücum etməkdənsə, məsələni daha rahat, böyütməmək şərti ilə İsrailin maraqları olduğu bəzi bölgələrə kiçik əməliyyatlar, hücumlar həyata keçirməklə həll etsinlər. Bu, İran prezidentinə ötürülən bir mesajdır. Ancaq bu, İrana nə qazandıracaq? Bir tərəfdən Məsud Pezeşkian yeni prezident seçilərək qonşu ölkələr, bütün dünya dövlətləri ilə, o cümlədən Qərblə pozulan münasibətlərin təmizlənməyi əsas prioritet götürərkən niyə belə bir addım atsın? İsraillə müharibə vəziyyətində olduğu bir vaxtda, bir də İsrailin arxasında duran dövlətləri düşünün. Belə bir çətin vəziyyətdə İran niyə Azərbaycana və digər ölkələrə hücum əməliyyatları keçirib onları da qarşısına alsın? Yəni, dost sərhədlərini artırmaq əvəzinə, dostları da düşmənə çevirmək İran prezidentinə nə qazandıracaq? Bu, Məsud Pezeşkianın seçki öncəsində bildirdiyi fikirlərə də daban-dabana ziddir. Bu baxımdan hesab edirəm ki, bu, bir təxribatdır. Burada xarici təxribatlarla yanaşı, bir də daxili güc mərkəzlərinin əlinin olduğunu görürük. Əlbəttə ki, bunların başında İranda bu gün idarəetməyə əsas nəzarəti əlində saxlayan SEPAH dayanır. Nəzərə alın ki, Fələstin lideri Haniyənin İranda öldürülməsi SEPAH-ın etimadına, gücünə və imicinə ən böyük zərbə oldu. Göstərdi ki, SEPAH monolit bir güc mərkəzindən ibarət deyil. Burada xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləyən 10-larla insan olduğu aşkarlandı. Bəlli oldu ki, əslində İranın ən böyük zəifliyi heç də orada-burada deyil, məhz İranın daxilində, hətta SEPAH-dadır. Çünki SEPAH-ın qoruması altında olan və bilavasitə İranın qəlbində yerləşən bir qonaq evində Haniyəni qətlə yetirdilər. Bu qədər boşluq bir dövlətin qlobal səviyyədə etimadını zəiflətməklə bərabər həm də güc haqqında mifini darmadağın etdi. Səbəbkar isə SEPAH-dır. Ona görə də diqqəti yayındırmaq üçün İranla, qonşu ölkələrlə müəyyən qarşıdurmaya ehtiyac var. Belə olduğu təqdirdə diqqət yenidən SEPAH-a yönəlir və hər kəs ondan bir qalibiyyət gözləntisi ilə yaşayır. Yəni SEPAH yenidən özünə möhtaclıq şəraitini yaratmaq, itirdiyi etimadı yenidən bərpa etmək istəyir. Təbii ki, bunu digər ölkələrin, xüsusilə Məsud Pezeşkianın özünün də bildirdiyi kimi, çox böyük rəğbət bəslədiyi və normal münasibətlərin qurulmasını istədiyi Azərbaycan və Türkiyə ilə manasibətlərin pozulması hesabına etmək istəyirlər”.

N.Miri hesab edir ki, bu məsələdə son dərəcədə diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, xarici qəzetlərdə Məsud Pezeşkianın köməkçisi adından, yaxud “adı çəkilməyən” mənbələr adından bu cür informasiyalar verilir:

“Medianın bu cür variantları var. Bəzən bilmədiyi mənbələri “adını çəkmək istəmədiyi” mənbə kimi təqdim etməklə məlumatın inandırıcılığını təmin etmək istəyirlər. Ancaq hər bir halda hiss olunur ki, bu böyük bir informasiya təxribatıdır. Bu da Azərbaycan-İran arasında sağalmaz "yara"lar buraxa bilər. Bunu Azərbaycan dövlətində çox gözəl anlayırlar. Ona görə də konkret kəşfiyyat məlumatı və bilavasitə Məsud Pezeşkianın aparatı tərəfindən təkzib olunmayana qədər bu cür məlumatları qəti olaraq qəbul etmək mümkün deyil”.

Siyasi şərhçi Azər Hüseynov bildirib ki, istər Azərbaycan, istərsə də İrana münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında olması sərfəlidir. O, qeyd edib ki, son zamanlar bəzi media orqanlarında kifayət qədər problem yaranmasına səbəb olacaq xəbərlər gedir:

“Məsələn, bu yaxınlarda bəzi media qurumları bir məlumatı tirajladı ki, İsrail Azərbaycanda olan əsgərlərini ölkəni tərk etməyə çağırıb. Halbuki, Prezident İlham Əliyev dəfələlərlə bildirib ki, ölkəmizdə heç bir xarici hərbi qüvvə yoxdur. Həmçinin, Azərbaycan ərazisi heç bir dövlətə, xüsusi ilə İrana qarşı hərbi və kəşfiyyat məqsədləri ilə istifadə edilə bilməz. İbrahim Rəisi ilə danışıqlarda xeyli məsafə qət edildi və səfirlik problemimiz də öz həllini tapdı. Əlbəttə ki, tarixi və siyasi arxa plan səbəbi ilə Azərbaycan-İran münasibətləri enişli-yoxuşlu inkişaf edib. Son bəyanatın səhihliyi bilinmir. Düşünmürəm ki, Pezeşkian dövlət başçısı olaraq belə bir təklif irəli sürsün. Bunu etmək üçün birinci sinif şagirdi olmaq lazımdır. İstisna deyil ki, İran daxilində də Azərbaycanın uğurlarını həzm etməyən bir "sasaniçi" qrup var. Bu qrup İran media qurumlarında, digər strukturlarda, bəzən nəzarətdən çıxan bəzi səfirlərin dili ilə  gərginliyə səbəb olacaq sözlər ifadə edir. İsraillə problemlərinin olduğu, Amerikanın, Qərbin üzərinə gəldiyi bir dövrdə İran yüksək iradəsinin Azərbaycanla münasibətlərdə gərginliyin yaranmasında maraqlı olmasını düşünmürəm. Bizə gəldikdə isə bizim də emosional deyil, rasional yanaşmamız lazımdır. Azərbaycana balanslı, regiondakı oyunçularla normal, Türkiyənin timsalında bəziləri ilə isti münasibət qurmaq lazımdır. Bizim güclənməyimizin təməlində bir zamanlar yürütdüyümüz balanslı siyasət dayanır”.