Vahid Əhmədov: “İslahatlar büdcənin gəlirlərini artırır, sahibkarlara isə əlavə üstünlüklər qazandırır”
2018-ci ildən Azərbaycanın gömrük sistemində həyata keçirilən islahatlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, son iki ildə gömrük sisteminin müxtəlif sahələrində institusional islahatların əhatə dairəsi genişləndirilməsi, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması kimi fundamental dəyişikliklər gömrük rəsmiləşdirilməsində şəffaflığın təmin olunmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarıb. Nəticə artıq ortadadır: gömrük orqanlarındakı keyfiyyət dəyişikliklərinin növbəti mərhələyə qədəm qoyması ilə xarici ticarət iştirakçıları arasında formalaşmaqda olan könüllük prinsiplərinin əhatə dairəsi genişlənib, büdcəyə daxilolmalar əvvəlki illərlə müqayisədə xeyli artıb. Təkcə 2019-cu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 618 milyon 996,90 min manat daxil olub bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 447 milyon 770,39 min manat və ya 38,23 faiz artım deməkdir. Yenicə başa vurduğumuz ilin ilk 6 ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 412 milyon 167,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 114 milyon 300 min manat, aksizlər üzrə 75 milyon 257,20 min manat, yol vergisi üzrə isə 17 milyon 271,90 manat təşkil edib.
Göründüyü kimi, gömrük sistemində həyata keçirilən islahatların məntiqi nəticəsi həm də büdcəyə daxil olan vəsaitlərin əhəmiyyətli dərəcədə artımında daha aydın görünür. Gömrük daxilolmalarının istər proqnoz göstəricilərində, istərsə də real statistikada əhəmiyyətli artımı şərtləndirən əsas amillər ölkədə həyata keçirilən islahatlar fonunda “kölgə iqtisadiyyatı”na qarşı görülən işlər, gizli dövriyyələrin "ağarması", idxal-ixrac əməliyyatlarında şəffaflaşma tədbirləridir.
Bəs, gömrük sistemində həyata keçirilən islahatların müsbət tendensiyaları özünü daha çox hansı istiqamətlərdə büruzə verir?
Gömrük sənədləşməsində mühüm faktor
Rəsmi statistika əsasında aparılan təhlillər göstərir ki, son iki ildə gömrük sistemində həyata keçirilən islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub. Belə ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də gömrük orqanlarının apardığı təbliğat işləri ölkəyə daxil olan malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib. Həmçinin son islahatlardan sonra idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub. İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov bildirib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb. Onun sözlərinə görə, həmin şirkətlər artıq yalnız daşıma ilə məşğuldurlar və onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir: “Beləliklə, gömrük sistemində həyata keçirilən islahatlar həm də bazara daxil olan malların sənədləşdirilməsi ilə bağlı sahibkarların üzləşdikləri problemlərin də aradan qaldırılmasına şərait yaradıb. Məhz bu islahatlardan sonra həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların sənədləşməsinə ciddi diqqət yetirilir, bu da, təbii ki, dövriyyələrdə öz əksini tapır. Halbuki bir il əvvələ qədər Azərbaycanda idxal mallarının rəsmiləşdirilməsi ilə bağlı çox ciddi problemlərimiz vardı və bu problemlərin böyük bir qismi “karqo şirkəti” adlandırdığımız daşıyıcılar tərəfindən olan maneələr idi. Daşıyıcı şirkətlərin əsas funksiyaları xaricdən gətirilən malları gömrükdən keçirib topdan və pərakəndə satış məntqələrinə çatdırmaq olsa da, onlar daşıdıqları malları öz adlarına rəsmiləşdirir. Bu isə topdan və pərakəndə satış mənqələrində, o cümlədən “Binə” və “Sədərək” kimi iri ticarət mərkəzlərində sahibkarların satdığı malların sənədləşdirilməsinə ciddi problemlər yaradırdı. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər. Bu isə həm dövriyyələrin gizlədilməsinə, vergi intizamsızlığının formalaşmasına, həm də sahibkarlarla vergi orqanları arasında əlavə problemlərə gətirib çıxarırdı. Belə hallar sahibkarlarla vergi və gömrük orqanları arasında inamsızlıq yaradırdı. Artıq bu problemlər də demək olar ki, aradan qaldırılıb və indi cəmiyyətdə gömrük orqanlarına inam bərpa olunmağa başlayıb”.
Ekspert deyir ki, satışa çıxarılan mallar qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satışa çıxarılan hər hansı mal topdan və ya pərakəndə satışla məşğul olan şəxslərə təqdim edilərkən müvafiq qaydada rəsmiləşdirilmirsə, deməli, həmin mallar gömrük nəzarətindən yayındırılıb: “Bu, ciddi qanun pozuntusudur. Əgər müvafiq dövlət nəzarəti orqanı belə hal aşkarlayarsa, malı rəsmiləşdirmədən bazara çıxaran sahibkarı sərt cəza gözləyir”.
“Yaşıl dəhliz”lə şəffaflığa doğru...
Ədalət Əsədov ölkəyə daxil olan malların gömrük orqanlarında rəsmiləşdirilməsinin sahibkarlar üçün bir çox üstünlüklər yaratdığını söyləyir. Onun sözlərinə görə, gömrük rəsmiləşdirilməsi qaydasında olan mallar satışa çıxarılarkən avtomatik şəkildə vergi orqanları tərəfindən də qeydiyyata alınır ki, məhsulun sahibi olan sahibkarın öz fəaliyyətini qanunun tələbləri əsasında qurmağa imkan verir: “Yəni, ölkədə daxil olan mallar gömrükdən keçirilərkən rəsmiləşdirilsə, sonrakı mərhələlərdə elektron qaimə-faktura vasitəsilə sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına səbəb olur. Həmçinin sahibkarların bir-birilərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır ki, bu da sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə şərait yaradır. Gömrük sənədləşməsi hər şeydən əvvəl sahibkarın öz biznesinin qanunun tələbləri çərçivəsində qurmağa və inkişaf etdirməyə, şəffaf fəaliyyət göstərməsinə xidmət edir. Bu halda ticarət obyektlərinin sahibləri həm də dövlət nəzarəti orqanları ilə münasibətləri asanlaşdırmış və gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını bəri başdan almış olur”.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin fərmanına əsasən, ötən ilin fevralından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi bu prinsiplərə əsaslanır. “Yaşıl dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
2019-cu il fevralın 1-dən fəaliyyətə başlayan “Yaşıl dəhliz” buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına şərait yaradıb. Artıq bu sistemin tətbiqi də gömrük xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, büdcəyə daxilolmaların artmasında özünü göstərir. Belə ki, ötən ilin 10 ayında “Yaşıl dəhliz” sisteminin iştirakçılarının sayı 505-ə, bu sistem üzrə dövriyyənin həcmi isə 8 milyard dollara çatıb.
Gömrük məntəqələrində şərait yaxşılaşıb
Gömrük sistemində tətbiq edilən bu yeniliklər maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına şərait yaratmaqla yanaşı, həm də idxal-ixrac əməliyyatlarının həcmini artırıb. Bu islahatların nəticəsində son iki ildə gömrük orqanları tərəfindən dövlət büdcəsinə əlavə 2 milyard manat vəsait köçürülüb. Son iki ildə Dövlət Gömrük Komitəsində institusional islahatların fəaliyyət dairəsinin genişləndirilməsi həm də gömrük məntələrinin yeni tələblərə uyğunlaşdırılmasına, müasir avadanlıqlarla təchizata geniş imkanlar yaradıb. Belə ki, əvvəllər sərhəd-keçid məntəqələrinin nəqliyyat vasitəsi tutumu gündəlik 200 ədəd idisə, bu gün bu rəqəm 450-600 ədəddir. Gömrük məntəqələrində quraşdırılan yeni avadanlıqlar, xüsusilə də “body scan” aparatları hesabına qaçaqmalçılıq hallarının qarşısı alınır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da gömrük sistemində aparılan islahatların ölkə iqtisadiyyatında böyük bir canlanma yaratdığı qənaətindədir. Onun fikrincə, 2019-cu ildə gömrük orqanları vasitəsilə büdcəyə daxilolmaların əhəmiyyətli şəkildə artması islahatların düzgün həyata keçirildiyinin göstəricidir: “Dövlət Gömrük Komitəsi həm inzibatçılıqda, həm də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində çox fəal işləyir. Bu islahatlar idxal-ixrac əməliyyatlarının şəffaflaşmasına, gömrük orqanları ilə sahibkarlar arasında münasibətlərin normal məcraya yönəldilməsinə gətirib çıxardı. Xüsusilə “Yaşıl dəhliz” sisteminin tətbiqindən sonra sərhəd keçid məntəqələrində sahibkarlar gömrük əməkdaşı ilə heç bir təmasa girmədən idxal və ixrac əməliyyatlarını özləri həyata keçirir. Qanuni ticarətlə məşğul olan sahibkarlara dövlət tərəfindən verilən dəstəyin bariz nümunələrindən biri sayılan bu sistemin tətbiqi sahibkarlara əlavə üstünlüklər qazandırıb”.
Vahid Əhmədov “Yaşıl dəhliz” sisteminin tətbiqinin, idxal-ixrac əməliyyatlarına nəzarət mexanizmi və karqo şirkətləri ilə bağlı dəyişikliklərin gömrük sahəsində şəffaflığın təmin edilməsində müstəsna əhəmiyyət daşıdığını deyir. Onun sözlərinə görə, xüsusilə 2019-cu ildə vergi və gömrükdən büdcəyə daxilolmaların əhəmiyyətli şəkildə artmasında karqo şirkətləri ilə ticarət xidməti göstərən sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsi məsələləri az rol oynamır: “Bu, ticarət sektorunda hesabatlılığın təmin edilməsi, sənədsiz malların bazarlarda satışının qarşısının alınması, eləcə də sahibkarlarla gömrük orqanları arasındakı münasibətlərin şəffaflaşması baxımından vacibdir. Bu baxımdan gömrük sistemində aparılan işlər təqdirəlayiqdir”.
P.S. Yazı Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim olunur.