Gömrük sistemində mühüm dəyişiklik

10:17 02.02.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyev Milli Məclisin "Gömrük tarifi haqqında” qanunda etdiyi dəyişiklikləri təsdiqləyib. “Gömrük tarifi haqqında” qanuna əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışı təmin olunacaq.

Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Başqa sözlə, qanuna əsasən, bəyannaməçinin malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan bir gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:

- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

- gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Gömrük Məcəlləsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;

- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

Qeyd edək ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə (Gömrük dəyərinə düzəlişlərin edilməsi) əsasən, hazırda apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Artıq tək yazılı deyil, həm də elektron bildiriş təqdim ediləcək. Eyni zamanda buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdiriləcək.

Yeni dəyişiklikləri qəzetimizə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ölkəmizə idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər: “Gömrük Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri idxal edilən məhsulların gömrük dəyərinin daha qısa müddətdə müəyyənləşdirilməsindən ibarətdir. Əvvəlki dövrlərdə malların gömrük dəyərinin müəyyənləşdirilməsi bir neçə gün çəkirdi və nəticədə sahibkarlar məhsul idxal edən zaman bir neçə gün gömrük məntəqələrində qalmaq məcburiyyətində qalırdılar. Bu isə öz növbəsində əlavə xərclərin yaranmasına səbəb olurdu, bəzi hallarda isə qida məhsulların keyfiyyətinə təsir göstərirdi. Gömrük Məcəlləsinə dəyişiklikdən sonra məhsulların gömrük dəyəri ən geci 24 saat ərzində müəyyənləşdiriləcək və sahibkarlara bununla bağlı məlumat veriləcək. Nəticədə idxalla məşğul olan sahibkarın xərclərində azalmalar olacaq.

Digər bir dəyişikliyə əsasən isə gömrük bəyannamələrinin, eləcə də bildirişlərinin yalnız kağız formada deyil, həmçinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır. Bu da sahibkarların xərclərinin azalmasına təsir edəcək. Çünki əvvəlki dövrdə kağız formada sənədin alınması üçün sahibkar gömrük orqanına getməli, növbədə dayanmalı idi, ancaq indi elektron formada həmin sənədləri ala biləcək. Bütün bu dəyişikliklər sahibkarların xərclərinin azalmasına səbəb olacaq və bu da gözlənilir ki, idxal edilən məhsulların qiymətlərinə təsir göstərsin.

Yəni xərclərin azalması həmin məhsulların qiymətlərinin də ucuzlaşmasına imkan yaradacaq. Bunun bazarda qiymətlərə necə təsir edəcəyini proqnozaşdırmaq çətindir. Təəssüf ki, bəzi hallarda sahibkarların xərcləri azalsa da onlar qiymət azalmalarına getmirlər. Ancaq bütün hallarda xərclər azaldığı üçün sahibkarlar tərəfindən idxal edilən məhsulların qiymətlərində endirimlər ola bilər".

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı alim Əli Əlirazayev də hesab edir ki, yeni dəyişiklik ölkəyə idxal olunan malların ucuzlaşmasına gətirb çıxara bilər: “Qeyd edim ki, sahibkarlar üçün gömrük xidmətindən istifadə edən zaman ən mühüm meyarlar daha az günün tələb olunması və xərclərin azlığı olur. Bu mənada yeni dəyişikliklə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının nəzərdə tutulması müsbət haldır.  Eyni zamanda, əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Yəni, qanuna əsasən, bəyannaməçinin malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan bir gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir. Bu o deməkdir ki, ölkəyə idxal olunan mallarla bağlı müraciətlərə qısa müddət ərzində baxılacaq. İndiyədək bu məsələ günlərlə yubanırdı. Nəticədə sahibkarlar həm əlavə xərclərlə üzləşirdilər, həm də bəzi hallarda idxal etdikləri məhsullar yararsız vəziyyətə düşürdü. Belə olan təqdiqdə bazarda məhsul qıtlığı yaşanırdı ki, bu da nəticə etibarilə qiymətlərin bahalaşmasına gətirib çıxarırdı. Yeni dəyişiklik bu kimi problemləri aradan qaldıracaq və yerli bazarda bolluq yaradacaq. Nəticədə məhsulların qiymətində əvvəlki dövrlərlə müqayisədə ucuzlaşma müşahidə ediləcək”.