Günlük kirayə mənzillər ucuzlaşır

19:24 18.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar paytaxtın kirayə mənzil bazarında fərqli tendensiya müşahidə olunur. Belə ki, bu ilin əvvəlindən xüsusilə günlük təklif olunan kirayə mənzillərdə qiymət enməsi qeydə alınıb. Məsələn, onlayn bronlaşdırma sistemi olan booking.com-da cari ilin yanvar-aprel ayları üçün Bakıda 2 ulduzlu mənzillərdə sutkalıq kirayənin orta qiyməti 106 manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azdır. Hesabat dövründə paytaxtdan başqa digər şəhər və rayonlarda bir gecə qalmaq üçün 2 ulduzlu mənzillər olmayıb.

Qeyd edək ki, günlük kirayə evlər, əsasən, turistlər tərəfindən bron edilir. Maraqlı məqam ondan ibarətdir ki, ötən illərlə müqayisədə bu ilin ilk aylarında Azərbaycana gələn turistlərin sayı artıb. Ekspertlər pandemiyadan sonra ölkədə turizm sektorunun təxminən 90 faizinin bərpa olunduğunu bildirirlər. Təkcə bu ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 46.7 faiz artaraq, 341 min nəfər olub. Bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar. Eyni zamanda, ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb. Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1.7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb.

Rəsmi statistika göstərir ki, Körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır. Bütövlükdə, turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də ekonom reyslərin çoxalması da təsir göstərib.

Bəs, görəsən, belə bir şəraitdə kirayə mənzil bazarında qeydə alınan ucuzlaşmanın səbəbi nədir? Mənzil bazarında nə baş verir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, hazırda sözügedən seqmentdə təklifin həcmi artıb: “Birinci faktor təklifin artması ilə bağlıdır. Son illər bu seqmentdə təklif əhəmiyyətli dərəcədə artıb. Təbii haldır ki, təklif artırsa, bu qiymətlərə təsir göstərməlidir. İkinci faktor isə ondan ibarətdir ki, əvvəllər sahibkarlar 4-5 ulduzlu otellərin tikintisinə üstünlük verirdilər. İndi bu sahədə vəziyyət dəyişib və daha çox hostellərin, kiçik həcmli otellərin tikintisi artıb. Bütün bunlar nəticə etibarilə qiymətlərə təsir göstərib və qiymətlərdə az da olsa geriləmə var”.

Ekspert bu sahədə daha ciddi qiymət azalmasını proqnozlaşdırmır. Onun fikrincə, dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan inflyasiya buna imkan verməyəcək: “Yaşam xərcləri ildən-ilə bahalaşır. Ola bilər ki, kirayə mənzilin orta qiyməti 100 manata kimi ucuzlaşsın. Amma qiymətlərdə bundan aşağı azalma gözləmirəm”.

Mövzu ilə bağlı tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov da təsdiqləyib ki, bazarda 2 ulduzlu mənzillərin sayı artıb. Onun sözlərinə görə, bu sahə bəzi turizm bələdçiləri üçün əlavə qazanc yerinə çevrilib: “Məsələn, bələdçi hansısa evi 1 aylıq kirayə götürür, günlük kirayəyə təklif edir. Təbii ki, həmin şəxsin kifayət qədər geniş çevrəsi olur və evlə bağlı məlumatları digər bələdçilər arasında yayır. Həmin bələdçilərə də otellərdən daha çox faiz təklif edir. Beləliklə, öz ətrafında müəyyən bir çərçivə yaradır və öz biznesini qurur. Başqa bələdçilər də həmin şəxsə baxıb rəqib olmağa çalışırlar. Bu rəqabət getdikcə çoxalır, nəticədə qeyd olunan seqmentdə mənzillərin sayı artır, qiymət isə aşağı düşür”.

Müşfiq

Oxunma sayı 31