Hazırda Oxçuçayın təmizlənməsi mümkünsüz görünür - Ekoloq

15:34 24.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Məlumdur ki, Ermənistandan başlanan çayların hamısı daha sonra Azərbaycan ərazisində Araz və Kür çaylarına tökülərək, onların  vasitəsilə də Xəzərə axır. Artıq uzun illərdir ki, Ermənistandan gələn Oxçu, Zəngi, Araz, Ağstafa  və s. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir.

İndi 30 illik həsrətə son qoyulub. Artıq ərazilərimiz işğaldan azad edilib və burada yenidənqurma və bərpa prosesi gedir. Binalar tikmək, yol xətləri çəkmək hər nə qədər böyük xərc tələb edən proses olsa da icrası qeyri mümkün deyil. Təbiəti əvvəlki saflığı və gözəlliyinə qaytarmaq isə böyük xərclə bərabər, zəhmət səbr və uzun vaxt tələb edən işdir.

Məsələ ilə bağlı hafta.az-a danışan hidroloq Rövşən Abbasov deyir ki, işğaldan azad olunmuş ərazilərdəki çayların gələcək taleyi olduqca düşündürücüdür. Çünki, həmin torpaqlar ağır metallarla çirklənib yağışlar yağdıqca sızıntılar olacaq və onlar çaylara qarışacaqlar:

“Götürək elə həmin ərazilərdən keçən bolsulu Oxçuçay çayını. Hazırda çayın təmizlənməsi çox qəliz hətta mümkünsüz görünür. Bütün ərazidə çirklənmiş, zəhərli toksik maddələrdən ibarət süni dağlar yaradılıb. Bu süni dağlar da qızıl yataqlarının mənimsənilməsi zamanı meydana gəlib. Ən yaxşı halda 1 ton filizdən 20 qrama yaxın qızıl əldə olunur. Qalan hamısı isə tullantılardır. Qızılı ayırmaq üçün, zəhərli maddələrdən istifadə edilir, proses olduqca çətindir. Qızıl istehsalı o vaxt effektiv olur ki, onu çıxaran xammalı əldə edir, ərazini çirkləndirir və aradan çıxır. Çünki, qızıldan gələn gəlir, onu çıxaran zaman çirkləndirilmiş ərazini təmizləyə yetmir. Qızıl istehsalı bu halda iqtisadi baxımdan effektiv deyil. Oxçuçay da belə tullantılarla çirkləndiyindən onun bərpası indiki halda real görünmür. Təsəvvür edin ki, bir torbaya zəhərli maddələr yığıb evə gələn suyu ondan süzüb istifadə edirsiz. Bu zaman gələn su heç bir halda təmiz ola bilməz. Hazırda Oxçuçayın vəziyyəti də belədir”.

Görünən odur ki, Oxçuçayın saflığı tarixdə qalıb. Bəs onda suyun öz-özünü təmizləyə bilmə qabiliyyəti? Məgər bu yerdə belə təbii proses köməyimizə çata bilməz?

Müsahibimizin sözlərinə görə, Oxçuçay kimi həddindən artıq çirklənmiş və bolsulu çaylarda öz-özünü təmizləmə prosesi də işə yaramır:

“Çayların özü-özünü təmizləmə prosesi çirklənmə həddən artıq çox olduqda mümkün deyil. Adətən zəif çirklənmə olduqda 8-10 kilometr aşağıda su təmizlənmiş halda gəlir. Bu səviyyədə çirklənmə ilə isə mümkün görünmür. Nəzərə alaq ki, Oxçuçay bol sulu çaylardan biridir, saniyədə 10 kub su gəlir. Yaz vaxtı qar əridikdə hətta buradan saniyədə 50-60 kub su keçir. Belə sürətli axan çayı təmizləmək demək olar ki mümükünsüzdür. Məsələyə İran və Xəzəryanı ölkələr də ciddi reaksiya verməlidirlər. Oxçuçay axı həm də Xəzəri çirkləndirir. Bazarçay da çirklənməyə məruz qalan çaylarımızdan biridir. Hazırda onun yaxınlığında qızıl mədənləri işləməsə belə, əvvəlki tullantıların varlığını nəzərə alsaq burada da çirklənmə onillərlə qalmağa davam edəcək”.

Oxunma sayı 74