Hər dəfə Şuşaya gedib, hər dağıdılan küçənin və bir də bərpa işləri aparılan abidənin qarşısında duranda, şəkillər çəkəndə 1992-ci ilin o ağır günləri yadıma düşür. Bir neçə gün idi ki, Şuşada Kulinariya Festivalında idim. Hər kəs oynayır, oxuyur. İki gündən sonra da Xarıbülbül Festivalı olacaq. Mən hər dəfə gözümü yumanda 1992-ci illərin Şuşası yadıma gəlir. O vaxtlar vəziyyət çox ağır idi. İndi Ukraynada vəziyyət necədirsə - hər yer dağılmış, alov, uşaqlar, qocalar, qadınlar zirzəmilərdə gizlənirdi - o vaxt Şuşa indiki Ukrayna kimi idi. Çörək, su yox idi, hər gün neçə adam şəhid olurdu... Bir tərəfdən də şad oluram ki, bu zülm aradan qalxdı. Şuşada haqq öz yerini tutdu.
Bu fikirləri hafta.az-a məşhur fotoqraf Reza Deqati deyib:
"1992-ci il Şuşası ilə bu gün işğaldan azad olunan Şuşanı müqayisə edəndə, fotolarda dünyaya verilən çoxlu suallar, mesajlar yaranır. Şuşanı gəzəndə XVII-XVIII-XIX əsrlərin binalarının ermənilər tərəfindən necə dağıdıldığını görürəm. Şuşada sovet vaxtında tikilən binalar qalır. Belə baxanda adama elə gəlir ki, Şuşa yaxşı qalıb. Amma məhəllələrə gedəndə - Çuxur Məhəllə, Qurd Qapısı və digər qədim məhəllələri görəndə bir dənə də ziyalı, tarixi Azərbaycan evlərinin qalmadığını görürsən.Kulinariya festivalı haqqında dünən fotolar çəkildi. Filmi instaqramda paylaşdım. Dünyaya mesajım bu oldu: “Həyat qayıdıb”. Onu gərək dünya görsün. Bu, bir daha onu göstərir ki, aparılan bərpa işlərini dünya görməlidir. Dünya görməlidir ki, 30 il gedən münaqişədə ermənilər guya özlərinin hesab etdikləri abidələri, evləri dağıdıblar. Əgər Şuşa onların idisə, sual vermək istərdim: əgər sizin idisə, niyə dağıdıbsınız, bu illər ərzində bərpa etməmisiniz? Bu bir ildə görün ki, Azərbaycan Şuşanı necə bərpa edib, öz evini qoruyur, gözəlləşdirir. Bundan belə bir nəticə çıxır və istəyirəm dünya bilsin ki, Azərbaycan bərpa işləri aparırsa, deməli, müharibə istəmir, sülh istəyir. Bir millət ki quruculuq işi aparır, o, müharibə istəyə bilməz. Azərbaycan erməniləri sülhə çağırır. Mən bu gün müşahidələrimdə və çəkdiyim şəkillərdə dünyaya bunu çatdırmaq istəyirəm”.