Hindistanda gəlin toydan qaçan bəyi 20 kilometr uzaqda tapdı

09:15 25.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda gəlin toydan qaçan bəyi ən azı 20 kilometrlik təqibdən sonra yaxalayaraq nikah masasına əyləşdirib.

Hafta.az-ın NDTV-yə istinadən yazdığına görə, Uttar Pradeş əyalətinin Bareilli şəhərində bir cütlük 2,5 illik münasibətini evliliklə taclandırmaq istəyib. Amma toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy orada olmayıb.

Ölkədə “mandap” kimi tanınan toy mehrabının altında ənənəvi toy geyimində gözləyən gəlin bəyə zəng edərək harada olduğunu soruşub. Bəydən “Anamı toya gətirəcəm” cavab alan gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib. Gəlin iki saatlıq təqibdən sonra bəyi ən azı 20 kilometr aralıda yerləşən Bareilli şəhəri ətrafında bir avtobusda tapıb.

Ailələrin dəstəyi ilə Bareilli kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.

Bu arada iki ailə və ətrafdakılar gəlini “evliliyini qoruyan cəsarət”ə görə təbrik edib, bəy isə gənc qızla evlənəcəyini vəd etdikdən sonra “evlilik məsuliyyətlərindən qaçdığına” görə danlanıb.

Toy görüntülərində bəyin mərasimə gündəlik geyimində gəlməsi də diqqət çəkib.