Hindistanda təbiətin qoynunda dincələn turistlərin vəhşi heyvanların hücumuna məruz qalması adi hala çevrilib.
Hafta.az-ın "Deccan Heral"a istinadən yazdığına görə, bu dəfə kərgədanların turistləri qovması ilə bağlı iki fərqli hadisə sosial mediada yayılıb. Əslində dekabrın 30-da Assam əyalətində baş verən ilk hadisədə safaridə olan turistlər Manas Milli Parkında maşın sürərkən nəhəng heyvanın onların dalıyla düşdüyünü görüblər. Saatda təxminən 55 kilometr sürətə çata bilən kərgədan "pikap"dakı insanları 1,5 kilometr təqib edib.
Qeyd edək ki, daha bir kərgədan təhlükəsindən bəhs edən video dekabrın 31-də Twitter-də paylaşılıb.
Eyni əyalətdəki Kaziranga Milli Parkında turistlər qorxulu anları lentə alıblar. İnsanların sürücüyə “sürətləndirin” qışqırması eşidilib.
Beynəlxalq Heyvanların Rifahı Fonduna görə, kərgədanlar nadir hallarda insanların arxasınca gedirlər və onlar çox vaxt təhlükə hiss etdikdə aqressivləşirlər.
Carxand əyalətində isə bəbir hücumları ilə mübarizə aparılır. Bu səbəbdən 25 gün ərzində rayonda 5 nəfər dünyasını dəyişib. Yerli sakinlər bəbirlərdən qorxduqları üçün çölə çıxmağa ehtiyyatlanırlar və xüsusilə də gün batan kimi evlərinə qapanırlar. İctimaiyyət bir çox insanın bəbirin hücumuna məruz qaldığını söyləsə də, səlahiyyətlilər yalnız bir nəfərin bəbirin parçalaması nəticəsində həlak olduğunu deyirlər.
Hazırda ekoloqlar aqressivləşmiş heyvanın tutulması istiqamətində iş aparırlar.