İcbari tibbi sığortadan yararlanmaq istəyən vətəndaşlar - hara və necə müraciət etməlidir?

16:06 05.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.

Bu fikirləri hafta.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib:

"Vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər. Yəni vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, poliklinika, Ailə Sağlamlıq Mərkəzləri, kənd/qəsəbə məntəqələrində göstərilən tibbi xidmətlərdən istifadə etmək üçün qeydiyyatda olduğu ərazi üzrə müraciət edilməlidir.

Dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa Agentliyin 43 müqaviləli tibb müəssisələrindən birinə göndəriş verilir.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən  əhalini icbari tibbi sığorta sisteminin üstünlükləri, sistemdən istifadə qaydası barədə məlumatlandırmaq məqsədilə mütəmadi olaraq müxtəlif qurumların əməkdaşları üçün maarifləndirici görüşlər, tədbirlər və təlimlər keçirilir, maarifləndirici çap materialları hazırlanır. Agentliyin saytında, sosial şəbəkələrində və platformalarında mütəmadi olaraq məlumatlar paylaşılır, Agentlik tərəfindən canlı yayımlar təşkil edilir, kütləvi informasiya vasitələrində yazı və xəbərlər işıqlandırılır, KİV-dən və sosial şəbəkələrdən daxil olan sorğular cavablandırılır.

Məlumat üçün bildirək ki, hazırda əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə görülən tədbirlər çərçivəsində 4 milyondan çox ölkə vətəndaşına SMS göndərilir. SMS-lərdə hər kəsin icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi xidmətlərdən pulsuz istifadə edə bilməsi ilə bağlı məlumat vurğulanır və Agentliyin rəsmi saytında yaradılan səhifəyə keçid verilib. Həmin səhifədə icbari tibbi sığorta ilə vətəndaşın bilməli olduğu bütün lazımi məlumatlar qeyd olunub və təlimat videosu əlavə edilib.

Habelə, ASAN radio ilə əməkdaşlıq çərçivəsində "1 sual, 1 cavab" rubrikasında istiqamətində dinləyicilərə icbari tibbi sığorta ilə bağlı məlumatlar təqdim olunur.

Respublika üzrə bütün 25 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki monitorlarda icbari tibbi sığorta ilə bağlı maarifləndirmə xarakterli videoçarxlar təqdim olunur. Videoçarxlarda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə, eləcə də özəl tibb müəssisələrinə müraciət qaydaları, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əməliyyatlar və s. barədə məlumatlar, həmçinin göndərişlər, Xidmətlər Zərfi və Çağrı mərkəzi haqqında informasiyalar əksini tapıb.

Bununla yanaşı, bütün dövlət və qeyri-dövlət qurumlarına icbari tibbi sığorta ilə bağlı ödənişsiz onlayn və ya ənənəvi təlimlərin keçirilməsi barədə müraciət edilib.  Müraciətlərə əsasən cari ildə 4 tədbir keçirilib. Təlimlər davam etdirilir".