İki ölkə Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzi yaradır

21:32 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniya və Bolqarıstan Qara dənizdə dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə birgə Dəniz Təhlükəsizliyi Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış ediblər. Rumıniyanın xarici işlər naziri Oana Tsoyu bildirib ki, layihənin konsepsiyası artıq iki ölkə tərəfindən razılaşdırılıb.

Hafta.az xəbər verir ki, onun sözlərinə görə, mərkəz Rumıniyanın Konstansa və Bolqarıstanın Varna şəhərlərində fəaliyyət göstərəcək, regionda vəziyyətlə bağlı məlumatlılığın artırılmasına, təhlükələrin birgə təhlilinə və cavab tədbirlərinin əlaqələndirilməsinə xidmət edəcək.

Nazir qeyd edib ki, təşəbbüs Avropa İttifaqının Qara dəniz strategiyasının tərkib hissəsidir və limanların, sualtı rabitə kabellərinin, enerji infrastrukturunun və digər strateji obyektlərin təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Layihənin gələcəkdə regionun digər dövlətləri və beynəlxalq tərəfdaşları üçün də açıq olması nəzərdə tutulur.

Oana Tsoyu əlavə edib ki, mərkəz Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”nın fəaliyyətinin izlənməsinə də kömək edə bilər. Rumıniya və Bolqarıstan bu istiqamətdə monitorinq imkanlarının artırılması üzərində işləyirlər.