“İnsanlar durmadan işləyir, ayın sonunda 15 dollar maaş alır” – Məhəmməd Salah Akeş

19:45 21.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tarixən Azərbaycanla sıx əməkdaşlıq içində olan Suriya, məlum müharibələr üzündən son illər əlçatmaz, insanlarımızın gediş-gəlişi mümkünsüz ölkəyə çevrilib. Xeyli müddətdir burada çox böyük humanitar faciə yaşanmaqdadır: milyonlarla insan ev-eşiyindən qaçqın düşərək dünyanın dörd bir yanına səpələnib, yüz minlərlə ölən, bir o qədər də yaralılar var.

Çox təəssüf ki, Suriyanın adı son illər Azərbaycana qarşı təxribatlarda da hallandı. Söhbət bəzi suriyalıların Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşməsindən gedir. Düzdür, müharibə şanlı ordumuzun qələbəsi ilə başa çataraq tarixə qovuşdu. Amma nə Suriya içinə düşdüyü vətəndaş savaşının bataqlığından xilas ola bilib, nə də ermənilərin təxribatına uymuş suriyalıların söz-söhbəti bitib.

Suriyada fəaliyyət göstərən, məqsədi dünyanı dəyişərək xoşbəxt cəmiyyət qurmaq olan Suriya Beynəlxalq Gənclər Təşkilatının - JCİ Suria-nın fəallarından Məhəmməd Salah Akeşlə internet üzərindən qısa, amma maraqlı söhbətimiz oldu. Ölkəsinin və xalqının düşdüyü bəladan ürək ağrısı ilə danışdı:

- Suriyada sosial vəziyyət heç də yaxşı deyil. Uzun illərdir davam edən qanlı müharibə nəticəsində ölkəmizdəki bütün infrastruktur dağıdılıb, əksər iqtisadi-sosial obyektlər məhv edilib. Amma vəziyyət belə davam edə bilməz. Müharibədə məhv edilənlərin bərpası və şəhərlərin, kəndlərin yenidən qurulması, gənclərə iş imkanlarının yaradılması baxımından çox vacibdir. Müharibə suriyalıların sosial yaşamını zərbə altına qoyub. Suriyaya qarşı tətbiq edilmiş embarqolar nəticəsində xalqımızın 80 faizdən çoxu ya qaçqındır, ya da ölkə içində qohumlarının və ya ailə üzvlərindən birinin yardımları sayəsində yaşamını davam etdirir. Ümumilikdə, insanlarımız yardımdan asılı vəziyyətə düşüb.

- Xüsusilə siz gənclərin vəziyyəti necədir, gündəlik yaşam tələblərinizi ödəmək imkanınız varmı? Məncə müharibə çox şeyləri alıb sizlərdən...

- Tam səmimi olaraq minlərlə suriyalı və şəxsən öz adımdan danışacağam: Avropa ölkələrinə sığınan gənclərdən fərqli olaraq, Suriyadakı gənclər qorxulu və aydın olmayan gələcəklə qarşı-qarşıyadır. Bu gün ölkəmizdə aylıq ehtiyacımızı ödəmək üçün, məhdud da olsa, iş yerləri var, bu sadəcə insanların gündəlik ehtiyaclarını təmin etməyə bəs edir. Amma bu, əhalinin, xüsusilə də gənclərin zəruri ehtiyaclarını təmin etmək üçün kifayət deyil. Məcburi hərbi xidmət onsuz da ağır olan yaşamı daha da ağırlaşdırır. Ölkəni yandırıb-yaxan yüksək qiymətlərə, bahaçılıq və məhsul qıtlığına uyğunlaşmaq çətindir. Məhz bu çətinliklər üzündən gənclər ailə qura bilmir. Çünki evlənməyin, ailə qurmağın xərcləri hər kəsin cibinə uyğun deyil. Bu gün Suriyada sosial durum o qədər ağırdır ki, deməyə söz tapmıram. Təsəvvür edib, insan bir ay durmadan işləyir, ayın sonunda cəmi 15 dollar maaş alır. Hansı ki, ölkəmizdə normal yaşamaq üçün bir adama ayda 300 dollar qazanması lazımdır. Bütün bu məhrumiyyətlər üzündən Suriyalı gənc kişilər, hətta qadınlar xarici ölkələrdən sığınacaq istədilər və ya Avropa universitetləri tərəfindən verilən təqaüdlərlə təhsil almaq üçün mühacirət etməyə məcbur oldular.

- Azərbaycandan baxanda indiki Suriyada nə görürük: təhlükəli həyat mücadiləsi, bombalanıb xarabaya çevrilmiş şəhər və kəndlər, yüz minlərlə ölüm faktı, milyonlarla qaçqın və onların da böyük qismi xaricə qaçıb... Xalqınızın başına gələn bütün bu müsibətlərin əsl günahkarı kimdir, son onillikdə nələr baş verib Suriyada?

- Suriyada yaşanan bugünkü sosial fəlakətin məsuliyyəti ölkəmizə hərbi müdaxilə edənlərin üzərindədir. Xarici ölkələr, eləcə də onların sıralarına qatılıb qarşıdurmalarda iştirak edən yerlilərin hər biri məsuliyyət daşıyır. Bu müharibə onu aparanları deyil, məhz sadə xalqı pis vəziyyətə salıb.

- “Covid-19”la bağlı vəziyyət necədir, ölkəniz aşı ala bilirmi, insanların aşılanma prosesi necə gedir, hansı aşılar vuruluq sizdə?

- Hökumət, ilk vaxtdan ölkədə pandemiyanın qarşısını almaq üçün tədbirlər görə bilmədi. Çünki uzun illərdir davam edən amansız müharibə və iqtisadi blokadalar nəticəsində yaranmış iqtisadi-sosial böhran onsuz da xalqın güzaranını ağırlaşdırmışdı. İnsanlar gündəlik yeyəcəklərini qazanmaq üçün işləməyə məcbur idilər. Bu səbəbdən də iş yerlərinin bağlanılması mümkünsüz idi. Bu da ölkədə epidemoloji vəziyyəti ağırlaşdırdı, xəstəlik nəzarətdən çıxdı. Amma biz hər şeyə inamla baxırıq. Çətinliklərə baxmayaraq əhalinin aşılanması prosesi normal qaydada davam edir. Hökumət müxtəlif vasitələrlə xalqımızı “Sputnik”, “Pfizer-BioNTech” aşıları ilə təmin edir.

- Azərbaycanla bağlı nələr düşünürsünüz, suriyalı insanlar, xüsusilə də siz gənclərin Azərbaycan haqda görüşlərini bilmək çox maraqlıdır...

- Azərbaycanı son zamanlar idman yarışlarının mərkəzinə çevrilmiş ölkə olaraq tanıyıram. Avropa idman yarışlarını “İdman Azerbijan” kanılından izləyirəm. Həmin kanallar həm də yarışlararası fasilələrdə Azərbaycanın əsrarəngiz gözəlliklərini, paytaxtla yanaşı bölgələrinin gözəlliyindən bəhs edən sənədli videolar da göstərir ki, bu məndə Azərbaycanla bağlı çox yaxşı təəssüratlar yaradıb.

- Azərbaycan torpaqlarının 20 faizi uzun illər idi ki, rusların köməyi ilə, Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. 1 milyondan çox azərbaycanlı insan evlərindən qovulmuşdu. Minlərlə şəhidimiz vardı. Hansı ki, bu gün Suriya da eyni aqibəti yaşayır. Maraqlıdır, siz suriyalılar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bilrdinizmi?

- Hə, əlbəttə. Biz bilirik ki, Ermənistanla Azərbaycan arasında müharibə var. Amma çox təəssüf ki, Suriyada uzun illərdir müharibə gtdiyi üçün biz xarici ölkələrdə nə baş verdiyini ardıcıl izləyə və mahiyyətini öyrənə bilmirik.

- Çox şükürlər olsun ki, ötən il cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan ordusu erməni işğalçıları torpaqlarımızdan qovdu. İndi Azərbaycan öz torpaqlarını geri qaytarıb, tikinti-quruculuq işləri görülür və inşallah yaxın illərdə bütün qaçqınlar torpaqlarına dönəcəklər. Hazırda işğal zamanı dağıdılmış ərazilərdə şəhərlər, kənd və qəsəbələr tikilir, infrastruktur yaradılır. Təəssüf ki, bəzi suriyalılar müharibə dövründə ermənilərə dəstək verdi...

 - Mən ölkəmdəki vəziyyətlə əlaqədar sadəcə onu bilirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olub. Siz deyirsiniz suriyalılar Qarabağda ermənilərə dəstək veriblər. Şəxsən mən düşünmürəm ki, hansısa suriyalı Azərbaycana qarşı bu addımı ata və ya azərbaycanlılarla bağlı mənfi fikirdə ola bilər. Bu mümükünsüzdür.

- Bir söz deyəcəm, amma səmimi qəbul edin: müharibə zamanı Suriyadan gələn döyüşçülər ermənilərə kömək edir, bizə - müsəlman azərbaycanlılara qarşı döyüşürdülər. Bu bizi çox məyus elədi. Axı Azərbaycan xalqı heç vaxt Suriya xalqının pisliyini istəməyib, sizi xoşbəxt görmək istəmişik. Elə isə suriyalılar niyə bizə yox, bizim düşmənlərimizə, qəsbkar ermənilərə kömək edirdi?

- Yenə deyirəm: ermənilərlə müharibədə sizə qarşı vuruşan suriyalıların olub-olmaması barədə heç bir fikrim yoxdur. Amma onu dəqiq deyə bilərəm ki, bu gün Suriyada çox sayda erməni yaşayır. Çox güman ki, Ermənistan tərəfindən Azərbaycana qarşı məhz həmin ermənilər döyüşüblər.

- Hazırda siz suriyalıların xarici ölkələrə səfər etməsində hər hansı çətinlik varmı, Suriya vətəndaşları istədikləri ölkəyə gedib-gələ bilirlərmi?

- Suriyalılar xaricə səyahət etmək istədikdə çox çətin problemlərlə üzləşirlər. Onlar səyahət edəcəkləri istənilən ölkədən viza almalıdırlar. Amma məlum embarqolarla əlaqədar olaraq ölkələr bizə viza vermirlər. Xaricdən kiminsə Suriyaya səfər etməsinə gəlincə, düşünmürəm ki, hansısa çətinliklə qarşılaşalar, kim istəsə rahatlıqla gələ bilər...