Son 31 ildə - Birinci Qarabağ savaşından bəri minlərlə hərbi və mülki Azərbaycan vətəndaşı minaya düşərək ya həlak olub, ya da ağır və ya yüngül dərəcəli xəsarətlər alıblar. Rəsmi məlumata görə, yalnız 44 günlük İkinci Qarabağ savaşı bitəndən bəri Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub...
Hərbçilər adətən döyüş və ya döyüş mövqeyindəki xidmət şəraitində obyektiv səbəblərdən minaya düşürlər. Bəs mülki vətəndaşlar hansı səbəblərdən minaya düşür? Buna şərait yaradan obyektiv və subyektiv amillər hansılardır?..
Məlum olduğu kimi, işğaldan yeni azad olunmuş torpaqlarımıza yalnız xüsusi icazəsi olan vətəndaşlar buraxılır. Bunlar hökumət və dövlət adamları, müxtəlif nazirlik, komitə və qurum əməkdaşları, deputatlar, media mənsubları, jurnalistlər, həmçinin həmin ərazilərdə xüsusi lisenziyalı özəl təsərrüfatla, heyvandarlıq, arıçılıq və s. ilə məşğulolan və s. şəxslərdir. Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda minaya düşən vətəndaşların xeyli hissəsi həmin ərazilərə icazəsiz gedən və ya icazə ilə getsə də, qadağan olunmuş minalı ərazilərə keçən şəxslərdir. Amma belələri arasında müxtəlif yol-inşaat, tikinti, enerji, kommunikasiya və s. ilə bağlı rəsmi qurum və ya özəl şirkət əməkdaşları, fəhlələri də çoxluq təşkil edir. Məsələn, oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan və sonradan biri xəstəxanada həlak olan 2 nəfər ərazidə hansısa şirkətin əməkdaşı kimi təmir-tikinti işləri ilə məşğul olub. Təbii ki, hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə, konkret kimin və ya kimlərin məsuliyyətsizliyi, yaxud ehtiyatsızlığı ucbatından baş verdiyini araşdıracaq. Ancaq təbii ki, əgər hər hansı bir rəsmi qurumun və ya özəl şirkətin əməkdaşı bu və ya digər səbəbdən xəsarət alırsa, buna görə həmin qurum və ya şirkət rəhbərliyi də məsuliyyət daşımalıdır. Həmin qurum və ya şirkət rəhbərlərini isə işğaldan azad ərazilərdə təhlükəsizliyə cavabdeh olan müvafiq dövlət və hökumət qurumları məlumatlandırmalı və maarifləndirməlidir...
Bunun üçün ilk növbədə hər bir qurum, qrup, briqada və s. rəhbəri təsərrüfat, tikinti-təmir işləri, yol və digər kommunikasiya xətlərinin çəkilişi aparıldığı ərazilərin mövqeyi, relyefi, iqlimi, xüsusən də I və II Qarabağ savaşı zamanı həmin məkanlarda aparılmış hərbi əməliyyatların intensivliyi və s. haqda müfəssəl məlumatlara malik olmalıdır. Əlbəttə, işğaldan yenicə azad edilmiş ərazilərdə təhlükəsiz mülki fəaliyyətin ilkin şərti o yerlərin minalardan təmizlənməsidir. Yəni hər hansı tikinti-inşaat, yaxud təsərrüfat, qazıntı işləri aparılacaq ərazi öncədən mina təhlükəsizliyi nöqteyi-nəzərindən öyrənilməlidir. Şübhəli, minadan təmizlənməmiş bütün ərazilərə təhlükə ilə bağlı xəbərdarlıq nişanları vurulmalıdır. Əgər hər hansı bir vətəndaş, o cümlədən qurum əməkdaşı belə ərazilərə bilərəkdən daxil olursa, bu, həmin vətəndaşın şəxsi məsuliyyətsizliyidir. Ancaq hər hansı bir qurum öz əməkdaşlarını, o cümlədən fəhlələri mina, yaxud digər təhlükəli partlayıcı olub-olmadığı yoxlanılmamış ərazidə çalışdırırsa, bu, artıq bilavasitə həmin qurum rəhbərliyinin məsuliyyətidir. Məsələn, konkret Laçın rayonundakı hadisəyə gəldikdə, rayonun Suarası kəndi ərazisində çalışan bütün müvafiq dövlət qurumları və özəl şirkət rəhbərliyi məlumatlandırılmalıydı ki, I Qarabağ savaşı dönəmində, xüsusən 1992-1993-cü illərdə həmin kənd, o cümlədən yaxınlıqdakı Yuxarı Fərəcan, Aşağı Fərəcan, Səfyan və s. kəndləri ərazisində erməni silahlı birləşmələri ilə Azərbaycan milli ordusu və polis birləşmələri arasında qızğın mövqe döyüşləri aparılıb. Eləcə də 2020-ci ildəki II Qarabağ savaşı zamanı geri çəkilən düşmənin sözügedən əraziləri minalaması ehtimalı böyükdür. Yeri gəlmişkən, xatırladaq ki, bu ilin aprelində Laçın rayonunun Suarası kəndinə yaxın olan Səfyan kəndində də ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan bir vətəndaşımız minaya düşərək həlak olmuşdu... Bu fakt da dediklərimizi təsdiqləyir. Odur ki, ərazilərdə tikinti-quruculuq işləri aparılan və ya hansısa yerli, xarici nümayəndə heyətlərinin səfərləri zamanı bu faktor mütləq nəzərə alınmalıdır. Yəni, işğaldan azad torpaqlarda 1991-1994-cü illərdən bəri qızğın döyüşlər aparılmış, dəfələrlə əldən-ələ keçmiş yaşayış məntəqələri və ətraf ərazilər ən yüksək təhlükəli zonalar kimi xüsusi xəritələrdə işarələnməli və müvafiq rəsmi və qeyri-rəsmi qurum rəhbərliklərinə çatdırılmalıdır... Belə ərazilərə misal olaraq Laçın rayonunun sözügedən ərazisindən əlavə, Sarıbaba və Qırxqız dağları, Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd və keçmiş və indiki təmas xəttindəki kəndlərinin, həmçinin Füzulinin(məs. Aşağı və Yuxarı Seyidəhmədli, Qaraxanbəyli, Aşağı və Yuxarı Veysəlli) Ağdamın( Şelli, Yusifcanlı, Papravənd, Abdal-Gülablı və s.) 44 günlük savaşdan öncə işğalda və ya təmas xəttində olmuş kəndlərinin ərazilərini göstərmək mümkündür...
Sonda insanlarımızın minaya düşməsinin əsas səbəblərini aşağıdakı kimi təsnifatlandırmaq olar:
Obyektiv səbəblər:
- 1991-ci ildən bəri gedən Qarabağ savaşı Ermənistan ordusu və digər erməni silahlı birləşmələri tərəfindən ərazilərin, yolların piyada və tank əleyhinə minalanması;
-Hər hansı ərazinin minalardan təmizlənməsi zamanı düşmən tərəfindən məkrli üsullarla daha dərinlikdə basdırıldığından aşkarlanmamış və texnika, yaxud insanların gediş-gəlişi zamanı üzərinə tədricən ağırlıq salınması nəticəsində müəyyən müddət sonra partlaya bilən tank və ya piyada əleyhinə minaların mövcudluğu;
-Mürəkkəb dağlıq relyef şəraitində düşmənin diversiya qruplarının nəzarətdən yayınmağı bacararaq hər hansı minadan təmizlənmiş ərazini yenidən minalaması halları.
Subyektiv səbəblər:
-Vətəndaşların xüsusi icazələri olmadan işğaldan azad ərazilərə daxil olması və minadan təmizlənməməsi barədə xəbərdarlıq işarələrinə də məhəl qoymadan sərbəst hərəkət etmələri;
-Xüsusi icazəsi olduğu halda da vətəndaşların işğaldan azad ərazilərdə mina təhlükəsi nişanları olan ərazilərdə də hərəkət etməsi;
-artıq minadan təmizlənmiş kimi qeyd olunan hər hansı bir ərazinin təmizlənməsi zamanı müvafiq qurum əməkdaşları tərəfindən yol verilə bilmiş səhlənkarlıq;
-hər hansı məntəqə və ya ərazidə fəaliyyət göstərən qurum və ya şirkət rəhbərliyinin həmin ərazilərin minadan təmizləndiyinə əmin olmamış əməkdaşları o məkanlarda çalışdırması və ya konkret iş vaxtı minaaxtaranların xidmətindən istifadə etməməsi...
Onu da qeyd edək ki, 1991-1994-cü illərdə müvəqqəti olaraq işğal altında olmuş və ya qızğın döyüşlər məkanı olmuş lakin son dövrlərədək minadan təmizlənmiş hesab edilən Ermənistanla sərhədyanı və yaxud Qarabağda düşmənlə təmas xəttinə yaxın ərazilərdə də bəzən təsərrüfatla məşğul olan şəxslərin çoban və ya əkinçilərin minaya düşməsi halları baş verir. Odur ki, həmin ərazilər bir daha minaxtaranlar tərəfindən yoxlanılmalıdır...
Beləliklə, əsas obyektiv və subyektiv səbəblər məlumdur. Qalır onlara qarşı profilaktik tədbirlər görməklə mina, digər partlamamış qurğuların partlaması səbəbindən insan itkisinin mümkün qədər aşağı, minumuma endirilməsi...
Bunun üçün ilk növbədə yerli və xaricdən dəstək potensialını maksimum işə salmaqla işğaldan azad edilmiş əraziləri mina və digər partlamamış qurğulardan mümkün qədər tez təmizləmək gərəkdir.
İkincisi, məktəbəqədər müəssisələrdən, orta məktəblərdən başlayaraq müvafiq dərslər, dərsliklər, təşviqat nəşrləri, qəzet, sayt, radio və telekanallardakı reklam, material və verilişlər vasitəsilə əhalinin bütün təbəqələrinin daha çox maarifləndiriləməsi lazımdır.
Üçüncüsü, bəhs edilən ərazilərə gediş-gəlişə icazələri tətbiq edən müvafiq qurum əməkdaşları arasında məsuliyyətsizlik və vəzifə səlahiyyətlərindən sui-istifadə halları aradan qaldırılmalıdır
Dördüncüsü, işğaldan azad ərazilərə təsərrüfat, tikinti-təmir və s. işlərlə məşğul olan qurumların rəhbər və sıravi əməkdaşları yuxarıda qeyd etdiyimiz amillər də daxil olmaqla lazımi dərəcədə təlimatlandırılmalıdır.
Beşincisi, sözügedən ərazilərdə işlərini təlimatlara uyğun qurmayan və nəticədə insan itkisinə və ya xəsarət almasına səbəb olan rəhbər şəxslər qanunauyğun olaraq ciddi şəkildə cəzalandırılmalıdır.
Xülasə, bütün sahələrdə olduğu kimi, işğaldan azad ərazilərdə aparılan tikinti, quruculuq, təsərrüfat işlərində də insan itkilərinin qarşısını almaq vəzifə və ixtisasından asılı olmayaraq hər birimizin öz işimizə həmçinin özümüzün və başqalarının həyatına məsuliyyətlə yanaşmağımızdan asılıdır...