“Geosiyasi çağırışlara, xarici şoklara və təlatümlərə baxmayaraq, ölkədə yaradılmış makroiqtisadi sabitlik və əmin-amanlıq milli valyutamızın möhkəmliyini təmin etdi. Artıq valyuta bazarımız dalğalanmalara davamlıdır, bu isə əhalinin lariyə etimadını daha da gücləndirir”.
Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze larinin dövriyyəyə buraxılmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Gürcüstan hökuməti, Milli Bank rəqabətin və maliyyəyə çıxışın artırılmasına fokuslanıb, biznes kreditlərinin sayı artıb, bu isə daha çox investisiya, yerli biznesin inkişafı və yeni iş yerlərinin yaradılması deməkdir.
“Gürcü bank sistemi ölkədə ən böyük işəgötürənlərdən biridir və ildən-ilə inkişaf edir. Sistemin aktivləri demək olar ki, 100 milyard lariyə çatır, bu isə bir çox Şərqi Avropa ölkəsinin göstəricisindən yüksəkdir. Milli Bank və ümumilikdə maliyyə sistemi beynəlxalq sanksiyalara qətiyyətlə əməl edirlər, bu isə ayrıca qeyd olunmağa layiqdir. Gürcüstanın maliyyə sektoru tərəfindən beynəlxalq sanksiyaların pozulması ilə bağlı bir dənə də olsun hal qeydə alınmayıb. Milli Bankın tənzimləmələri və nəzarət çərçivəsi qabaqcıl beynəlxalq təcrübəyə tam uyğundur. Əlbətdə, bu uğurlarda maliyyə sektorunun rolu çox dəyərlidir”, - İrakli Kobaxidze bildirib.