İranda qızlara qarşı qətliam: Məhsa Əmini, Armita Geravənd...

10:30 31.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran hakimiyyəti bu ayın əvvəlində Tehran metrosunda qeyri-müəyyən şəraitdə komaya düşərək, təxminən bir ay sonra - şənbə günü vəfat edən yeniyetmə Armita Geravəndin dəfn mərasiminə sıx təhlükəsizlik şəraitində icazə verib.

Hafta.az-ın hyazdığına görə, oktyabrın 1-də Tehranda metro stansiyasında huşunu itirərək Fəcr xəstəxanasına aparılan 17 yaşlı Geravəndin bir həftə əvvəl beyin ölümü elan edilib. Onun ölümünün səbəbləri ilə bağlı ziddiyyətli açıqlamalar verilib. Sosial mediada paylaşılan görüntülərdə çadrasız olan qız vaqonda huşunu itirəndən sonra metropoliten rəsmilərinin onu daşıdığı görünür.

İnsan haqları təşkilatları iddia edir ki, Geravənd qadınların rejimin sərt geyim qaydalarına riayət edən əxlaq polisinin üzvləri tərəfindən "hücum"a məruz qaldıqdan sonra özündən gedib.

Qərargahı Osloda yerləşən İran Kürdüstanı Hengaw İnsan Haqları Təşkilatı qızın ailəsinə yaxın şəxslərin verdiyi məlumata əsasən, təhlükəsizlik qüvvələrinin dəfn mərasiminin keçirildiyi salonda olduğunu bildirib. Xaricdəki İran mediası təhlükəsizlik qüvvələrinin zorakı müdaxiləsinin dəfn mərasimində gərginliyə səbəb olduğunu yazıb. “BBC Farsian” bəzi iştirakçıların təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü iddia edib.

Fəallar təhlükəsizlik qüvvələrinin vəkil və hüquq müdafiəçisi Nəsrin Sutüdehi həbs etdiyini bildiriblər. Sutüdehin fəal əri Rza Handan “BBC Farssian”a deyib ki, həyat yoldaşı ilə əlaqəsi tamam kəsilib.

Birləşmiş Ştatlar dünən Geravəndin ölümündən şoka düşdüyünü bildirib və əxlaq polisini onu döyməkdə ittihamlayıb. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan açıqlama verib. "İran dövlətinin öz xalqına qarşı zorakılığı dəhşətlidir və rejimin kövrəkliyini göstərir", - o, vurğulayıb.

Xatırladaq ki, ötən il sentyabrın 16-da gənc qız Məhsa Əmini əxlaq polisi tərəfindən həbs olunduqdan sonra komaya düşərək dünyasını dəyişmişdi. Əmininin ölümü İranda 2022-ci ilin sonlarında səngiyən geniş etirazlara səbəb oluşdu.

Bu yaxınlarda 2023-cü il Nobel Sülh Mükafatını qazanan Nərgiz Məhəmmədi İranı son dəfə sarsıdan etirazlar zamanı yıxılan qızlara toxunaraq, “Armitanın ölümünün Məhsa, Nika, Sarina və Qazalanı öldürən atəşin alovu olduğunu” vurğulayıb.

İnstaqram platformasında açıqlama verən Məhəmmədi, "Armitanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi, Yaxın Şərqdəki müharibədə ölüm xəbərləri arasında hökumətin ört-basdırları, aldatmaları və yalanlarının dağıntıları altından çıxan qışqırıqdır" deyib.

İslahatçıların lideri Mirhüseyn Musəvinin həyat yoldaşı, fəal Zəhra Rəhnaverd idarəçilərə “qadınlara və qızlara qarşı müharibə” barədə xəbərdarlıq etdiyini bildirib. 2011-ci ilin fevralından ev dustaqlığında olan Rəhnaverd məcburi hicab qanununun götürülməsini tələb edib. Rəhnaverd “İran hökmdarları məcburi baş örtüyü ilə bağlı səlahiyyətlərini təyin edərkən aldanıblar” deyərək, qızların öldürülməsinin biabırçılığı ilə bağlı səlahiyyətlilərə xəbərdarlıq ünvanlayıb.

Kinorejissorlar Cəfər Pənahi və Məhəmməd Refulof, Armitanın ölümündən sonra iranlı qadınlarla həmrəy olduqlarını bildirən birgə bəyanat yayıblar. Əmini davasından sonra iki qadın jurnalist Elaheh Məhəmmədi və Nilüfər Həmidinin həbsinə də toxunan ikili, İranda qadın hərəkatına verilən dəstək səbəbiylə iranlı aktyorların kinoda çalışmasının qarşısını almaq üçün alınan qərara toxunub.

İran mediasının verdiyi məlumata görə, Təbriz şəhərinin islahatçı deputatı Məsud Pizişkian hökumətin hicabla bağlı təklif etdiyi yeni qanunun parlamentdə səsverməyə və müzakirəyə çıxarılmamasına etiraz edib.

Siyasət rubrikasından digər xəbərlər