İranda su böhranı: “Paytaxtı köçürməliyik”

08:48 06.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran hakimiyyəti su qıtlığına görə paytaxtı Tehrandan başqa şəhərə köçürməyi düşünür.

Hafta.az-ın yazdığına görə, İran prezidenti Məsud Pezeşkian infrastruktur və resurs problemləri, xüsusilə su böhranı və torpaqların çökməsi səbəbindən paytaxtın cənuba köçürülməli olduğunu bildirib.

Dünən Hormozqan əyalətində verdiyi açıqlamada Pezeşkian paytaxt olaraq başqa bir şəhərin tikilməsi təklifini Ayətullah Əli Xameneiyə təqdim etdiyini bildirib.

Ali Rəhbərin cavab verib-vermədiyini açıqlamayan Pezeşkian Tehran, Karal və Qəzvində su böhranının asanlıqla həll olunmayacağını bəyan edib.

Təxminən 10 milyon əhalisi olan Tehran İranın su ehtiyatlarının demək olar ki, 25 faizini istehlak edir.

Paytaxtdakı bəndlər şəhərin suya olan tələbatının 70 faizini ödəyir, qalan 30 faizi isə yeraltı sulardan əldə edilir. Lakin yağıntıların azalması və buxarlanmanın artması ilə bəndlərdəki suyun miqdarı azalıb, yeraltı sərvətlərdən asılılıq artıb.

Uzun müddətdir ölkədə su böhranı ilə bağlı xəbərdarlıq edən Pezeşkian yağışların 50-60 faiz azaldığını qeyd edərək, paytaxtın cənuba Fars körfəzinə köçürülməsinin lazım olduğunu müdafiə edib.

O, Dubayla üzbəüz yerləşən Hörmüzqanın bunun üçün münasib yer olduğunu söyləyərək, “Ora Fars körfəzi sahilindədir və birbaşa açıq dənizə çıxışı var. Ticarət və iqtisadi inkişaf üçün böyük potensiala malikdir” deyib.

Paytaxtın Tehrandan köçürülməsi təklifi əvvəl də müzakirə olunmuşdu. O vaxt İranın keçmiş prezidenti Həsən Ruhani müxtəlif variantları ehtiva edən planlar hazırlamışdı.

2016-cı ildə İran Parlamenti paytaxtın köçürülməsi təklifini nəzərdən keçirmək üçün toplaşdı, lakin yüksək xərclər və hakim partiya daxilindəki mühafizəkarların etirazları səbəbindən proses dayandırıldı.