Son bir neçə gündə Azərbaycanda İranın iki böyük casus şəbəkəsi aşkarlanıb, zərərsizləşdirildi. Rəsmi məlumatlardan da görünür ki, İran rejimi Azərbaycanın əsas strateji obyektləri, hərbi imkanları və s. haqqında məlumatlar əldə etmək, gələcəkdə bu məlumatlar əsasında təxribatlar t.rətmək üçün planlar hazırlayır. İranın məlum terror fəaliyyətinin qarşısının alınması, vaxtında aşkarlanması ictimaiyyət tərəfindən də razılıqla qarşılanır.
“Azərbaycanın həmişə İranla humanitar əlaqələri olub və bunu inkişaf etdirməkdə maraqlıyıq. İran bu əlaqələrin üstündən xətt çəkir. Hətta Azərbaycana qarşı Ermənistanla birgə cəbhə yaratmaq marağını ortaya qoyub”.
Bunu «Həftə içi»nə politoloq, YAP idarə heyətinin üzvü Asif Əsgərli bildirib.
A.Əsgərli hesab edir ki, İranın Azərbaycandakı casus şəbəkəsinin Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən aşkarlanması və xüsusi tədbirlərin görülməsi təqdirəlayıq bir haldır. Onun sözlərinə görə, İranın ölkəmizə qarşı casus fəaliyyəti ilə bağlı bir sıra faktlar zaman-zaman üzə çıxıb.
“İran xəfiyyəsi vaxtilə Azərbaycanda müxtəlif qurumları, QHT-ləri, tanınmış din xadimlərini öz tərəfinə çəkib. İranın Nardaran hadisələrində canfəşanlığı, Azərbaycanın daxilində belə bir “münaqişə ocağı” yaratmaq cəhdləri, din, məzhəb pərdəsi altında qarşıdurma cəhdləri hər kəsə məlumdur. Təbii ki, Azərbaycan hüquq-mühafizə, təhlükəsizlik orqanları bu təxribatların qarşısını aldı. Bu faktlar özü onu göstərir ki, İran qonşu dövlətlərin bir-birinə hörmət, daxili işlərinə qarışmamaq prinsiplərini tamamilə pozub. İran bu prinsipləri pozmaqla yanaşı, özünə sərf edən şəbəkənin, təxribatçı dəstənin formalaşması siyasətinin dövlət siyasəti olduğunu göstərir. İran həmişə İraqda, Suriyada, Yəməndə, Livanda, Əfqanıstanda terrora dəstək verib. İran üçün qonşu ölkələrin daxilində qarşıdrma yaratmaq maraqlıdır və Azərbaycanda da belə cəhdlərdə bulunurlar. Azərbaycan İran casus şəbəkəsinə operativ cavab verir. Bu, Azərbaycanın güc strukturlarının çevikliyinin göstəricisidir və daim təxribatlara qarşı hazır olduğunu göstərən faktordur”.
Politoloq bildirir ki, Azərbaycan İranla qonşuluq, bir-birinin daxili işinə qarışmamaq prinsipini əsas götürür. Ermənistanın özünə belə sülh əlini uzadır ki, bölgədə problemlər tezliklə həllini tapsın.
Azərbaycanın İranla konfliktinin olmadığını deyən A.Əsgərli bunu bu qonşu dövlətlə tarixi-mədəni bağlılığımızla əlaqələndirib və Azərbaycan dövlətinin bu əlaqələri daim qorumaq və inkişaf etdirməkdə maraqlı olduğunu önə çəkib.
“Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər başlayan vaxt Azərbaycan İran dövlətinə başqa məsələlərdə əl uzatdı. Zəngəzur dəhlizi formatını daha da şaxələndirmək üçün hətta Cənubi Zəngəzur, İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgələrinin Zəngilana qədər olan kommunikasiyaların İran ərazisinə daxil olması, oradan yenidən Naxçıvana daxil olub, Türkiyəyə qədər getməsini təklif etdi. İran Azərbaycanın bu dostluq əlini tutmadı və daxili işlərimizə qarışmaqla təxribata, ekstremizmə rəvac vermək üçün casus şəbəkəsini formalaşdırmaqla fəaliyyətini gücləndirmək istəyir. Azərbaycan həmişə buna adekvat cavabını verəcək”