Azərbaycan-İtaliya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Təbii ki, iki ölkə arasında dostluq əlaqələrinin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var. İtaliya hər zaman Azərbaycanla həmrəylik nümayiş etdirib. Təkcə onu xatırlatmaq kifayətdir ki, Vətən müharibəsi dövründə İtaliya Azərbaycanın haqq işinə dəstək olduğunu bəyan edib. Avropa ölkəsi olmasına baxmayaraq İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektiv yanaşması ilə seçilib. Xüsusən 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması Azərbaycana və Prezident İlham Əliyevə göstərilən xüsusi etimadın göstəricisi idi.
Sözsüz ki, iki ölkə arasında əlaqələrin müsbət dinamika ilə inkişafında Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 1-2- də İtaliyaya işgüzar səfərinin xüsusi rolu olub. Siyasi əlaqələrin yüksək səviyyədə qalmasında iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyəti var. Bu baxımdan Azərbaycan – İtaliya iqtisadi əlaqələrinin bünövrəsinin möhkəm qoyulması hər iki dövlətin ümummilli maraqları çərçivəsində davamlı tərəfdaşlığı üçün geniş imkanlar açır. Azərbaycan Dövləti dəfələrlə ən ali səviyyədə bəyan etmişdir ki, Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin Qarabağın quruculuq prosesində iştirakına xüsusi imkan yaradacaq. Azad edilmiş ərazilərdə İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Əlbəttə əməkdaşlığın mühüm mərhələsi enerji seqmentidir. Cənub Qaz Dəhlizi və bu layihənin hazırda son mərhələsi olan TAP çərçivəsində Azərbaycan qazı İtaliya vasitəsi ilə Avropa çatıb. Nəticədə Azərbaycan mühüm bazar, Avropa isə Rusiyadan kənar enerji mənbəyi əldə edib.
Bu ilin fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 mvt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev tərəfindən də İtaliya ilə tərəfdaşlıq əlaqələrinə xüsusi diqqət edilib. İtaliya şirkətinin də bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. Çünki İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilib.
Yeri gəlmişkən, yeni tikiləcək stansiyanın imkanları təkcə Azərbaycana deyil, eyni zamanda, Avropalı tərəfdaşlara da müsbət təsir göstərəcək. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə, təqribən, 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur: “Hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir,
respublikamızla müxtəlif sahələri əhatə edən tərəfdaşlıqların inkişafına böyük
önəm verirlər.
Dövlətimizin xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı
münasibətlər mühüm yer tutur. Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri
bağlayır. Tərəflərin münasibətləri ortaq faydalı tərəfdaşlıq xarakteri
daşıyır. Həm İtaliya, həm də Azərbaycan rəhbərlərinin qarşılıqlı səfərləri
münasibətlərin inkişafına böyük təkan verir. Cənab Prezident İlham Əliyevin
ötən il İtaliyaya işgüzar səfəri münasibətlərin inkişafında böyük əhəmiyyət
kəsb etdi. Həmin səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib,
qarşılıqlı faydalığa əsaslanan yeni əməkdaşlıqların da əsası qoyuldu.
Həmçinin, ölkə başçısının bu səfəri zamanı qarşılıqlı münasibətlərin daha da
inkişaf etdirilməsinə dair faydalı müzakirələr aparılıb”.
M.Cəfərov İtaliyanın Avropada Azərbaycanın böyük ticarət və ixracat tərəfdaşı olduğunu söyləyib: “Pandemiya dövründə də iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb. Həmin dövrdə bir çox ölkələrin ticarət göstəriciləri aşağı düşsə də bu, Azərbaycan və İtaliya arasındakı iqtisadi əlaqələrə təsir etmədi. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır. Bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizindən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsi zamanı qeyd etdiyi kimi, iki ölkə arasında tərəfdaşlıq uğurla həyata keçirilir. Eləcə də biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşması da İtaliya dövləti üçün olduqca vacib haldır, bu səbəbdən hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib”.
Deputat deyib ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də sonrakı dövrdə İtaliya mətbuatı daim Azərbaycanı dəstəkləyib: “İl Sole 24 Ore” və “Gli Occhi della Guerra” qəzeti Azərbaycanın sülhsevər mövqeyini daim dəstəkləyib və dövlətimizin bu sahədə olan fəaliyyətinə dair materiallar işıqlandırıb. Yeri gəlmişkən, bu günlərdə Bakıda müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya İtalyanın “Made in Italy” və “Ansaldo Energia” şirkətlərinin iştirakı ilə tikiləcək. Azərbaycanla İtaliya enerji sahəsində növbəti bir uğura imza atır. Həmçinin bu layihə beynəlxalq xarakter daşıyacaq. Burada Çinin bir şirkəti də iştirak edəcək’.
Millət vəkili onu da qeyd edib ki, son zamanlar isə hər iki ölkə arasındakı təhsil sahəsində əməkdaşlıq yüksək qiymətləndirilir: “Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması buna bariz nümunədir. Bu universitet gələcəkdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması baxımdan olduqca faydalı olacaq”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov da qeyd edib ki,
İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Bu səbəbdən ölkəyə daxil olan valyutaların böyük hissəsi də məhz İtaliyadan daxil olur. Ələlxüsus da bu tərəfdaşlıq özünü enerji əlaqələrində, daha dəqiq desək, enerji sahəsində daha çox göstərir. Belə ki, Azərbaycan qazı artıq iki ildən artıq müddətdir ki, İtaliyaya birbaşa ixrac olunur”.
Ekspert qeyd edir ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə əvvəlki bir ildə 8,6 milyard kubmetr qaz nəql edilsə də, ötən 2022-ci ildə 11,3 milyard kubmetr qaz ixrac olunub. Onun da böyük hissəsi İtaliyaya nəql edilib”.
E.Əmirov deyib ki, 2023-cü ildə də bu həcm daha da artırılaraq 11,6 milyard kubmetrə çatdırılması planlaşdırılır: “Qarşıdakı illərdə də hər il 1,2 milyard kubmetrlik artım nəzərdə tutulur ki, 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bunun da böyük hissəsi məhz İtaliyaya fokuslanıb. Eyni zamanda, İtaliyanın Azərbaycana investisiya həcmləri də getdikcə artmaqdadır. Dünən açılışı olan istilik elektrik stansiyasında da məhz avadanlıqların böyük hissəsi İtaliya şirkətlərinə məxsus idi. Bu bir daha iki ölkə arasında olan münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir”.