Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında şahmat turniri keçirilib.
Hafta.az xəbər verir ki, “Bakı 2026 - Dünyanın İdman Paytaxtı” layihəsi çərçivəsində və 22 iyul - Milli Mətbuat Günü münasibətilə təşkil olunan yarışda 14 jurnalist iştirak edib.
“AĞ AT” şahmat məktəbində baş tutan turnirdə yeddi komanda mübarizə aparıb. Hər komandada iki media nümayəndəsi yer alıb və iştirakçılar yeddi tur üzrə güclərini sınayıblar.
Yekun nəticələrə əsasən, Vüqar İmanov və Ayaz Qurbanovdan ibarət komanda beş xal toplayaraq turnirin qalibi olub. İlkin Vidadioğlu və İsrayıl Xeyrullayevin komandası 4,5 xalla ikinci, İman Məcidov və Seymur Baxşıyevdən ibarət kollektiv isə üçüncü yeri tutub.
Turnirin sonunda qalib komanda ilə əvvəlki yarışların qalibi Ceyhun Əliyev arasında xüsusi super oyun keçirilib. İki partiyadan ibarət görüşdə Ceyhun Əliyev qalib gəlib.