Kabildə baş verənlər gizli razılaşmaların nəticəsidir - Tofiq Zülfüqarov

17:52 18.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla  hafta.az üçün növbəti söhbətimizdə o, Əfqanıstanda baş verən son gözlənilməz olay və prosesləri müxtəlif aspektlərdən şərh edib, Azərbaycan Dövlətinin Kabildə formalaşmaqda olan yeni hakimiyyətlə mümkün əlaqə perspektivlərindən danışıb.

- Tofiq bəy, Əfqanıstanda son günlər nə baş verir?  Necə oldu ki, “Taliban”  ABŞ-ın, rəsmilərin dediyinə görə, 20 il ərzində formalaşdırılmasına dəstək verdiyi Əfqanıstan Hökumət Ordusu qısa müddətdə o qədər də böyük saya malik olmayan taliblər qarşısında məğlub oldu?

- Bilirsiniz, Əfqanıstanda mənzərə hələ yenicə formalaşır.  Konkret  bir söz demək çətindir,  hiss olunur ki,  baş verənlər hansısa gizli razılaşmaların nəticəsidir.  Öncədən belə bir məlumat vardı ki, “Taliban”ın Qətərin paytaxtı Dohada olan nümayəndəlıyi uzun müddətdir ABŞ tərəfi ilə danışıqlar aparıb. Bu baxımdan çox qəribə bir vəziyyət yaranıb.

34 milyonluq Əfqanıstan xalqı müqabilində taliblərin cəmi 70  minlik tərəfdarı olduğu halda, hökumətin 300 minlik ordusu bir neçə həftəyə onların qarşısında məğlub duruma düşdü. Bu faktın özü çox şeydən xəbər verir. Belə bir durum da öncədən razılaşma olması ehtimalını gücləndirir. Bu, kənardan müşahidə edənlər üçün çox gözlənilməz oldu...

ABŞ – “Taliban” danışıqları hələ Baydendən əvvəl uzun müddət aparılıbdır.  Bir il öncə bəlli idi ki, ABŞ qoşunları  Əfqanıstandan 2021-ci ilin mayında çıxmalıdır. Son vaxtlar isə ölkədə cəmi 2 minə yaxın Amerika hərbçisi olub. Yəni “Taliban”a qarşı hərbi əməliyyatları əsasən Əfqanıstanın hökumət ordusu aparıb. Görünür, ABŞ artıq bundan sonra Əfqanıstan üçün bu qədər vəsaiti, canlı qüvvəni xərcləməyin əhəmiyyəti olmadığını anlayıb. Ona görə də  amerikanlar, necə deyərlər, “otaqda işığı da söndürüb” çıxıb gediblər.  İndi burada əsas oyunçular Çin, Pakistan və Türkiyə olacaq və çox maraqlı bir vəziyyət yaranacaq.  Çin çoxdan Əfqanıstana böyük maraq göstərir.  Taliblərə silahların çoxu və digər formada dəstək əsasən Çindən gəlir. Ümumiyyətlə, əslində prosesləri idarə edənlər üçün Əfqanıstanda baş verənlər gözlənilməz olmadı...

- Bəs ümumiyyətlə,  ABŞ 2001-ci ildən bəri işğal müddətində Əfqanıstanda hansı iş gördü, özü və əfqan xalqı üçün nələrə nail oldu? Yoxsa elə hər gələn Prezident öz bildiyini etməklə kortəbii proseslər baş verdi?

- Sovetlərin vaxtında öyrəşmişdik ki, hər ölkənin bir ideologiyası olmalıdır. SSRİ dağıldı və kommunist ideologiyasından azad olquq və yeni bir ideologiya gəldi – demokratiya.  Bəlli oldu ki, bu ideologiyaların heç  biri Əfqanıstana yaramır, həm də hər ölkə öz maraqlarını həyata keçirir.  Hiss olunur ki,  ABŞ üçün artıq bu bölgə  maraq kəsb etmir, yəni dünyada digər fövqəlgüc formalaşıb. Bu da Çindir.  Bu baxımdan  o uzaqlıqdan bu qədər maliyyə vəsaiti sərf etmək bəlkə də ABŞ-ın maraqlarından kənar olan məsələdir.  ABŞ  Əfqanıstandakı əməliyyatlar üçün 2 trilyon dollara yaxın,  Almaniya 300 milyard avrodan çox vəsait xərcləyib.   Hamısını hesablasaq, qeyri-iradi düşünəcəyik ki, bu pullar necə oldu, haraya xərcləndi. Elə bir güclü ordu qurulmayıb, infrastruktur yaradılmayıb. Bəzi araşdırmaçılar deyir ki, həmin trilyonlar, milyardlar,  sadəcə,  “yeyilib”... Təki, heç olmasa, bundan sonra sülh olsun, insanlar, uşaqlar, qadınlar boş yerə həlak olmasın. Baxaq, görək nə iş görürlər...

- Bilirik ki,  Rusiya artıq onillərdir “Taliban”ı terrorçu bir təşkilat kimi tanıyır. Taliblərin Kabili də ələ keçirməsindən sonra belə versiyalar  yayılır ki, onların arxasında elə Moskva dayanır...  

- Son günlər ortaya o qədər ziddiyyətli məlumatlar çıxır ki... Deyirlər,  Rusiyanın guya taliblərlə əvvəlcədən əlaqəsi mövcud olub, Çin onların nümayəndələrini bu günlərdə qəbul edib. Bu yandan da yadımıza salırıq ki, “Taliban”ın əsas qərargahı indiyədək Qətərin paytaxtı Dohada olub. Nəzərə alsaq ki, ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazası məhz Qətərdədir, taliblərin Amerika ilə sıx əlaqəsi olması  anlaşılır. Yəni belə çıxır ki, əsas aparıcı dünya dövlətlərinin “Taliban”la müəyyən bağlılığı çoxdan mövcuddur... İran da deyəsən, bəyanat verib ki, taliblərin Əfqanıstanda guya amerikanları qovmaqla hakimiyyətə gəlişini alqışlayır... Bir daha deyirəm, Əfqanıstanda gedən proseslərin indiki sonluğu, ola bilsin, kənardan müşahidə edən bizlər üçün gözlənilməz oldu. Aparıcı siyasi oyunçular çoxdan buna hazır olublar.  Ona görə də 300 minlik ordu birdən-birə çökdü... Belə alındı ki, Qərb modeli Əfqanıstan üçün işlək deyil  və artıq heç kəs oraya boş-boşuna pul xərcləmək istəmədi...

- Pakistanın Baş naziri İmran xan da bəyanat verdi ki, Əfqanıstan köləlikdən qurtuldu...

- Burada təəccüblü heç nə yoxdur. “Taliban”ın əsasının qoyulduğu yer elə Pakistan olub...

- Taliblərin gözlənilmədən hakimiyyətə gəlmə ssenarisinin ABŞ-ın  gələcəkdə Pakistanı məhv etmək planının tərkib hissəsi olduğunu söyləyənlər də var...

- Mən buna inanmıram... Ona görə ki, taliblərin əsas dayağı puştunlardır. Uzun müddət heç Pakistanla Əfqanıstan arasında sərhəd də yox idi. Arada Dürand xətti kimi tanınan bir bölgə olub ki, orada puştun qəbilələri sərbəst olaraq o tərəf-bu tərəfə gedirdilər. Odur ki, həm etnik, həm də təşkilati baxımdan “Taliban” Pakistanla bağlıdır. Bir daha xatırladıram ki, bu təşkilatın bünövrəsi hələ Sovetlərin Əfqanıstandakı müharibəsi zamanı ABŞ-ın dəstəyi ilə Pakistanda yaranıb. Əminəm ki, bu günədək həm ABŞ, həm Pakistanın əlində taliblərə təsir rıçaqları mövcuddur. Talibanın rəhbərliyinin əksər hissəsi də Pakistanla həmsərhəd Qəndəhardandır. Bu baxımdan bilməliyik ki, Pakistanın “Taliban” üzərində böyük nüfuzu var.  Onu da unutmamalıyıq ki, Pakistan-Çin hərbi müttəfiqliyi də mövcuddur. Yəni belə nəticəyə gəlmək olur ki, bundan sonra Əfqanıstan məsələsində əsas söz sahibi Çinlə Pakistan olacaq...

- Azərbaycan heç vaxt “Taliban”ı terrorçu təşkilat kimi tanımayıb. Bugünədək fəaliyyət göstərmiş Əfqanıstan hökuməti ilə də normal münasibətlərdə olub. Hətta bu ölkəyə yardımlar da edilib. Bəs bundan sonra taliblərin hakimiyyətdə qalacağı halda Azərbaycan hansı mövqeni tutmalıdır?

- Bəli, Azərbaycan heç vaxt “Taliban”ı terrorçu təşkilat kimi tanımayıb. Dediyiniz kimi, bundanöncəki Əfqanıstan Hökuməti ilə Azərbaycan Hökuməti arasında hansısa proqramlar olub, onlara yardımlar edilib. Əslinə qalsa, biz bunu hansısa hökumətə yox, əfqan xalqına etmişik.  Bu baxımdan orada söz sahiblərindən biri olacaq bizim ən yaxın qardaş, dost və müttəfiqlərimiz Türkiyə və Pakistanın da mövqeyini nəzərə almalıyıq.  Odur ki, Azərbaycan  üçün yeni şəraitdə  Əfqanıstanla münasibətləri qurmaq üçün  əsaslar pis deyil və həmin əlaqələr bu və ya digər şəkildə qurulacaq...

- Yəni “Taliban” hökuməti ilə münasibət quranda hansısa aparıcı güclər Azərbaycanı qınamayacaq ki?

- Təbii, çünki  aparıcı dövlətlər – ABŞ, Rusiya, Çin və s.  taliblər Kabuli ələ keçirməmişdən əvvəl onlarla əlaqə qurub.  Maraqlısı odur ki, Rusiyada onillərlə “Taliban”ı rəsmən terrorçu təşkilat kimi tanıyıblar.  Bugünədək də mətbuat üçün də belə bir qayda var ki, hər hansı bir xəbər, yaxud digər yazıda  “Taliban” yazanda mütləq mötərizədə “Rusiya Federasiyasında qadağan olunmuş  terrorçu təşkilat” yazılmalıdır... Jurnalistlər birdən-birə – 2018-ci ildə, sonra da  2019-cu ildə ayılıb gördülər ki,  “Taliban”  nümayəndəsi Moskvada xarici işlər nazirinin qarşısında oturub. Sonra da Lavrov bəyanat verdi ki, bu təşkilatı çox yaxşı tanıyırıq, həmişə əlaqəmiz olub.... Əlbəttə, bu, çox gülməli və qəribə oldu. Hər halda bu cür qəfil dönüş çox təəccüblüdür...

- Bu, təhlükəli bir tendensiya yaratmır ki, planetin hər yerində dövlətləri tədricən terrorçu qruplaşmalar ələ keçirsin?

- Düşünmürəm belə bir şey olsun. Bir var, hakimiyyətə gəlməmişdən öncə hansısa radikal bəyanatlar, şüarlar bəyan edilir... Hakimiyyətə gələndən sonra hər bir qrup istər-istəməz dövlətə xas addımlar atmalıdır. Ayrı yol yoxdur. İnanmıram ki,  “Taliban”ın qapalı dövrü uzun çəkəcək. İstər-istəməz onlar xarici əlaqələr qurmalıdırlar, xarici ticarət olmalıdır. Digər ölkələrlə gediş-gəliş olmalıdır və dünyada qəbul olunmuş bir sıra qanunları qəbul etməlidirlər. Doğrudur, taliblərin dünyagörüşləri bizim üçün  yumşaq desək, müasir görünmür. Amma bu, onların daxili işidir.  Əgər onlar bu dünyagörüşlərini ixrac etmək istəməsələr, təbii ki, İran, Səudiyyə Ərəbistanı və s. şəriət rejimləri kimi onlarla da hansısa əlaqələr qurmaq olar...

-Taliblərin Əfqanıstanda hökmran olması, deyəsən, həm də Rusiya üçün Orta Asiya ölkələrinə daha çox hərbi-siyasi təsir və təzyiq imkanları yaradacaq?

- Əslinə  qalsa, Rusiyanın indiki iqtisadi durumu üçün bu, böyük bir yük olacaq. Moskvanın maliyyə imkanları çatmır ki, öz ordusuna lazımi qədər pul xərcləsin. Bu məhdud imkanların bir hissəsini kiməsə verməkdən də Kreml üçün heç bir fayda hasil olmayacaq... İkincisi, hesab edirəm ki, Rusiya bundan sonra Əfqanıstan məsələsində bir az kənarda dayanmağa çalışacaq. Ortada artıq formalaşmış oyunçular, yəni  Özbəkistan, Türkmənistan, Tacikistan kimi dövlətlər  var. Yəni bu baxımdan şübhə etmirəm ki, elə əsas yük Əfqanıstanla birbaşa qonşu olan bu ölkələrin üzərinə düşəcək...  “Taliban”  öz ideologiyasını hələlik xaricə ixrac etməkdən çəkinəcək. Öncə onlara daxildə birlik, sabitlik yaratmaq gərəkdir. Bu da heç də asan məsələ deyil. Ona görə ki, Əfqanıstanda müxtəlif millətlər: özbəklər, taciklər və b. var. Həmin xalqlar da puştunlarla neçə illlərdir, demək olar ki, silahlı qarşıdurma vəziyyətindədirlər...

- Əfqanıstanda son günlər baş verənlərin Amerikanın müsəlman ölkələrinə qarşı növbəti hiyləsi olduğunu hesab ednlər də var. Çeçenistan rəhbəri Ramzan Kadırov iyulun 16-da belə bir bəyanatla çıxış edib...

- Deyəsən, vaxtilə Obamanın dövründə müsəlman ölkələrində başlayan məxməri inqilablar layihəsinin son hissəsini  görürük.  Aydın olur ki, qərbyönümlü demokratiyanın qələbəsi heç harada mümkün olmur.  Misirdə, Liviyada və s. bunun real acı nəticələrini gördük... Əfqanıstanda son 20 ildə xərclənən vəsait, hərbi əməliyyatlar, siyasi gedişlər müqabilində Qərb modelinin baş tutmaması hər şeyi ortaya qoydu...