Kağızın qiymətində kəskin bahalaşma – Çıxış yolları varmı?

10:51 04.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycanda kağızın qiymətində kəskin bahalaşma müşahidə olunur. Müqayisə üçün deyək ki, əvvəllər 5-6 manata satılan  A4 kağızlarının qiyməti hazırda 9-10 manat arasında dəyişir. Bu da təxminən 2 dəfəyə qədər bahalaşma deməkdir.

Nəzərinizə çatdıraq ki, ötən il ölkəmizə gətirilən 16,696 min ton kağız və kartonun (tərkibində mexaniki və kimyəvi üsulla alınmış lif olmayan, 1 kvadrat metrin kütləsi 40-150 qram olan kağız və karton vərəq/rulon, digərləri) 16,168 min tonu və ya 97 %-i, qəzet kağızının (rulonlarda və ya vərəq şəklində) 100 %-i Rusiyanın payına düşüb. Ötən müddətdə isə Rusiya Prezidenti Vladimir Putin bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarının hazırlanması ilə bağlı fərman verib. Sözügedən siyahı ictimaiyyətə açıqlanmadığından Azərbaycanın da həmin dövlətlər sırasında olub-olmayacağı hələlik məlum deyil. Ancaq buna baxmayaraq indidən ölkədəki kağız və kağız məmulatları “od qiyməti”nədir.

Məsələ ilə bağlı hafta.az-a danışan Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu söylədi ki, hazırda ölkədə kağızın qiyməti bahalaşaraq  fantastik həddə çatıb, mətbəələr həyəcan təbili çalır:

“Hazırda kağızın qiyməti əvvəlki dövrlərlə müqayisədə 2 dəfəyə qədər artıb. Əgər onun 1 tonu, 2-3 il əvvəl 1380 dollar idisə, hazırda bu qiymət 2100-2200 dollar arası dəyişir. Üstəlik əgər biz kağızı köçürmə yolu ilə alırıqsa (hərçənd köçürmə yolu ilə kağız satanlar artıq yoxdur), bu zaman da əlavə olaraq qiymətin 18%-ni ödəməli oluruq. Bu fantastik qiymətdir və heç zaman Azərbaycan bazarında olmayıb. Bu baxımdan mətbəələr həyəcan təbili çalır. Bəlkə hökümət orqanlarının rezerv kağız ehtiyatı var və biz naşirlərə verə bilərlər”.

Naşir onu da bildirdi ki, kağızın qiymətinə yalnız Rusiya və Ukrayna arasında davam edən müharibə təsir etməyib. Ümumiyyətlə bu gün dünya bazarında kağızın qiyməti artıb:

“Xaricdən ölkəmizə idxal edilən kağızın 90%-i Rusiya və Ukraynanın payına düşür. Yerdə qalan hissəsi isə, Finlandliyadan, İndoneziyadan, Çindən, Türkiyədən və s. idxal olunur. Azərbaycan kağız istehsal etmir. İstehsalçı ölkələrlə isə Rusiya istisna olmaqla birbaşa qonşuluğumuz yoxdur.  Ona görə də çıxılmaz vəziyyətdəyik. Müharibədən əvvəl də kağız qiymətində artım olsa da, heç bu həddə çatmamışdı. İndi ölkəyə yeni kağızlar gətirilmir. Ölkəyə əvvəl gətirilən və sayı azalmaqda olan kağız məhsulları bahalaşmaqdadır”.

Ş.Xuduoğlu ölkəmiz üçün əlçatan alternativ kağız bazarları haqqında da danışdı. Mümkün variantlar da bir o qədər sərfəli deyil:

“Bu Tailand, İndoneziya, Hindistan və Çin ola bilər. Ancaq sözügedən ölkələrlə kağız ticarətində daşınma müddəti 2 aydan artıq vaxta başa gələcəkdir”.

ƏDV-dən azadolma məsələsinə gəldikdə isə naşirin sözlərinə görə, bununla bağlı aylar öncə qəbul olunan  qanuna heç bir dövlət orqanı əməl etmir. Kitablar üçün hələ də ƏDV ödənilir:

“Qanuna əsasən kağız  və kağız məmulatları, o cümlədən kitab satışından ƏDV götürülməli idi. Lakin, təəssüflər olsun ki, kitab üzərindən götürülməyib. Bu gün biz, hələ də ƏDV ilə işləyirik. Bununla bağlı qanun qüvvəyə minsə də, heç kəs əməl etmir. Bizlər vergi hesabatı verən zaman ƏDV ilə veririk. Vergilər Nazirliyi deyir ki, “işləmək üçün əlimizdə yeni qayda yoxdur. Biz də köhnə ilə hesabat aparırıq”. Gömrüyə kitab gələn zaman, həmin qurumun da cavabı demək olar ki, Nazirliklə eynidir. Oradan da deyilir ki, “bizdə yeni qaydalar yoxdur, bu səbəbdən də köhnə qaydalarla işləyəcəyik və sən, ƏDV ödəməlisən””.

Naşirlə söhbət zamanı bu sahədə yaranmış çətinliklərdən agah olduq. Problemin iqtisadi tərəfləri və həlli yolları ilə bağlı isə İqtisadçıya müraciət etdik. İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli bildirdi ki, kağız məhsulları ilə bağlı Rusiyanın daxilində də ciddi problemlər yaranıb. Bəzi şəhərlərdə qiymətlər 6-8 dəfəyə qədər qalxıb:

“Bu da onunla bağlıdır ki, Rusiyanın kağız istehsalçıları kimyəvi komponentləri əsasən Finlandiya olmaqla Avropa ölkələrindən alırdılar. İndi sanskiyalar tətbiq edildiyindən kimyəvi maddələr alına bilinmir. Bu səbəbdən də istehsalatda ciddi problemlər yaşanır. Azərbaycanın kağız məmulatları idxal etdiyi əsas ölkə Rusiya idi. Alternativ olaraq, Çin və Türkiyə bazarlarına müraciət edə bilərik. Düzdür, Türkiyə kağız istehsal etsə belə xammal üçün Rusiyaya müraciət edirdi. Buna baxmayaraq Azərbaycan tərəfi lazımi danışıqları aparıb, kağız təminatını həyata keçirə bilər. Ölkəmizdə bu sahə üzrə yerli istehsal yoxdur. Onun qurulması isə uzun illər vaxt tələb edən prosesdir”.

İqtisadçının sözlərinə görə, təkrar emal sərfəli olsa da, bunun  üçün həm müvafiq kimyəvi maddələr, həm də texnoloji vasitələr tələb olunur ki, onlar da ölkəmizdə yoxdur:

“Təkrar kağız emalı dünyada da çox geniş yayılmış üsuldur. Lakin bunun üçün də müvafiq kimyəvi maddələr tələb olunur. Təkrar emal o demək deyil ki, emal zamanı anında keyfiyətli kağız əmələ gəlsin. Onun rənginin dəyişdirilməsi və digər məsələlər üçün xaricdən texnologiya vasitələrinin gətirilməsinə ehtiyac var”.