Karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçiriləcək

16:44 10.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək. Görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq.

Agentlikdən hafta.az-a bildirilib ki, görüş oktyabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçiriləcək.

Bildirilib ki, bu kimi görüşlərin təşkil olunmasında əsas məqsəd karxana fəaliyyəti ilə məşğul olan sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək, onların qarşılaşdıqları problemlər ilə tanış olmaq və hər birini dinləməkdir. Belə ki, təşkil olunan görüşdə agentliyin mütəxəssisləri tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi sual-cavab formatında istismarçıların diqqətinə çatdırılacaq. Hər bir sahibkar görüşdə iştirak edə bilər.

Daha ətraflı məlumat və ya iştirak üçün +994 55 455 80 87 əlaqə nömrəsinə zəng edə bilərsiniz.