Bəzi hallarda istehlakçıya verilən çek alınan mala görə ödənilən ƏDV-nin geri qaytarılmasına imkan vermir
Azərbaycanda bu il may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Qeyd edək ki, qaydalara əsasən, alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda yeni nəsil kassa aparatlarının mərhələli tətbiqi davam edir.
Onu da bildirək ki, vergi ödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatları ilə təminatı 2022-ci ilin sonunda başa çatacaq. 2019-cu ildən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu proses 4 mərhələdən ibarətdir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. 2020-ci ildə 3-cü mərhələnin icrasına başlanılıb. Tam olaraq bütün vergi ödəyicilərinin əhatə edilməsi isə 2022-ci il dekabrın 31-də başa çatacaq.
Azərbaycan ərazisində e-kassalara keçid prosesi isə "Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir. Müəyyən olunmuş müddət ərzində e-kassalara keçməyən vergi ödəyicilərinə qanunvericilikdə nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq ediləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, indiyədək vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 milyon manat təşkil edir. Artıq təsdiq olunan çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.
Qeyd olunan prosesin effektivliyini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal da (edvgerial.az) yaradılıb. Amma diqqət cəkən məqam ondan ibarətdir ki, bəzən alış-veriş məbləği böyük olan çeklər ya sistemə yüklənmir, ya yüklənmə prosesində müəyyən çətinliklər ortaya çıxır, ya da ümumiyyətlə sistemdə həmin çeklə bağlı fiskal ID-nin tapılmadığı bildirilir. Bəzən də elə hallar olur ki, kifayət qədər iri dövriyyəsi olan restoranlar şəbəkəsinin verdiyi çek sistemə daxil edilərkən sistemdə satıcının ƏDV ödəyicisi olmadığı əksini tapır. Bu halda isə istehlakçının həmin ƏDV-ni geri almaq imkanı məhdudlaşır.
Yeri gəlmişkən, istifadəçilər toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, bir tranzaksiya çərçivəsində minimum 5, maksimum 500 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər.
Mövzu ilə bağlı hafta.az-a danışan iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib ki, Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin geri qaytarılmasının bir neçə səbəbləri var:
“Bu səbəblərdən ən başlıcası əhali arasında nağdsız ödənişlərin təşviq edilməsidir. Bildiyimiz kimi, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin QR kodunu (çekdə yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. Yəni, qaydalardan da görünür ki, nağdsız edilən alış-verişlər üzrə ƏDV məbləğinin qaytarılması faizi nağd ödənişlərdən 5 faiz yüksəkdir. Burada hökümətin əsas məqsədi insanları nağdsız ödənişlərə təşviq etməkdir. Digər bir məsələ isə vergidən yayınmanın, kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Çünki ticarət və xidmət sektorunda olan bəzi obyektlər əksər hallarda dövriyyələrini gizlədirdilər. Yeni nəsil kassa aparatlarının tətbiq olunması ilə bu problem də aradan qaldırılmaqdadır. Hesab edirəm ki, 2022-ci ildə bu proses yekunlaşandan sonra ticarət və xidmət sektorunda daha şəffaf hesabatlığın şahidi olacağıq. Bu həm də sözügedən qurumlar arasında rəqabət mühitinin artmasına gətirib çıxaracaq”.
Ticarət və xidmət sektorunda olan bəzi obyektlər əksər hallarda dövriyyələrini gizlədirdilər
Ekspert söhbət əsnasında onu da vurğulayıb ki, bəzən alış-veriş məbləği böyük olan çeklər ya sistemə yüklənmir, ya da yüklənmə prosesində müəyyən çətinliklər ortaya çıxır: “Bu ya texniki problemlərdən qaynaqlana bilər, ya da market rəhbərliyi həmin çeklərin sistemə yüklənməsində maraqlı olmur. Bununla onlar dövriyyələrini gizlətməyə çalışırlar. Belə şikayətləri bəzən mən də eşidirəm. Bəzi hallarda hətta istehlakçıya çeki də vermirlər. Təbii ki, bu kimi hallara qarşı sərt şəkildə tədbirlər görülməli və həmin obyektlər inzibati metodlarla cəzalandırılmalıdırlar”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, bu sistemin köməyi ilə hökumət kölgə iqtisadiyyatı ilə mübarizə aparmağı planlaşdırır:
“Bu istiqamətdə müəyyən irəliləyişlər olacaq, lakin uğurlar nəzərəçarpacaq olmayacaq. Düzdür, böyük marketlərdə ƏDV-nin bir hissəsini qaytarmağa imkan verən çeklər verilir. Lakin kiçik mağazalar bu məqsədlər üçün yararsız olan çekləri verən köhnəlmiş kassa aparatlarından tez-tez istifadə edirlər. Bölgələrdə bu, ümumiyyətlə problemdir. Bundan əlavə, paytaxtda və bölgələrdə çoxları küçə satıcılarından, xüsusən yayda - meyvə-tərəvəz mövsümündə alış-veriş edirlər və təbii ki, onlar heç bir çek vermirlər. Digər tərəfdən, alınan məbləğ ölkə sakinlərini ƏDV vəsaitinin bir hissəsini qaytarmağa sövq etmək üçün çox azdır. Çünki bir supermarketdə orta alış-veriş çeki 30-40 manatdır və bu məbləğdən şəxsin geri aldığı vəsait qəpik-quruşdur. İnsanlar qəpik-quruşdan ötrü bir sıra prosedurları yerinə yetirməli olduqlarını düşünəndə, bunu etmək istəmirlər”.
Bir supermarketdə orta alış-veriş çeki 30-40 manatdır və bu məbləğdən şəxsin geri aldığı vəsait qəpik-quruşdur
Ekspert eyni zamanda qeyd edib ki, ƏDV-nin bir hissəsinin qaytarılması nağd ödənişlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş tədbirdir: “Ancaq indi həm kartla, həm də nağd şəkildə ödəməklə ƏDV-nin bir hissəini geri ala bilərsiniz. Düzdür, nağd ödəniş zamanı bu məbləğ nağdsız ödənişdən 5 faiz az olacaq, amma istənilən halda bu amil tədbiri ümumi olaraq mənasız edir. Fikrin özü yaxşıdır, amma həyata keçirilməsində böyük probellər var. Nağdsız ödəmə üçün geri qaytarılan faiz nisbətini artırmaq və nağd ödəmə zamanı geri qaytarılmanı ləğv etmək daha yaxşı olardı”.