Kəlbəcərdə məhsuldarlıq gözlədiyimizdən də yüksək oldu - Sabir Mustafayev

15:33 18.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər ediblər. Səfər zamanı ölkə Prezidenti və xanımı təsərrüfatını işğaldan azad olunmuş Kəlbəcər rayonuna köçürən arıçılarla görüşüb, onların vəziyyəti ilə maraqlanıblar. Prezidentlə görüşən arıçı Sabir Mustafayev təəssüratlarını hafta.az-la bölüşüb.

- Sabir müəllim, Prezidentin gələcəyindən xəbərdar idinizmi? Ölkə başçısının gəlişini necə qarşıladınız? Görüş təəssüratlarınız nədən ibarətdir?

- Sizə deyim ki, Prezidentlə görüşü gözləmirdik. Tamamilə təsadüf oldu. Biz yemək bişirirdik. Bir də gördük, Prezidentin korteji keçdi. Kortej xeyli irəliləmişdi ki, maşınlardan biri saxladı və Prezident maşından düşüb bizə tərəf gəldi. Heç bir mühafizəsi, qoruması yox idi. Ölkə Prezidentini qarşımızda görəndə şoka düşdük. Hətta mən ona arılardan qorunmaq üçün xüsusi papaq təklif etdim. O isə zarafatla bildirdi ki, lazım deyil, arılar bilir gələn kimdir. Biz Prezidentlə xeyli söhbət etdik. Kəlbəcər balı barədə məlumat verdim və ixrac imkanlarımızdan söhbət açdım. Bildirdim ki, ölkədə bala olan tələbat, təxminən, 5 min tondur, bu il artıq arıçılar 7 min ton bal əldə ediblər. Prezident Kəlbəcər balının hələ sovet dövründə şöhrəti barədə məlumatlı olduğunu bildirdi və Azərbaycan balının ixrac imkanlarının artırılması üçün müvafiq göstərişlər verdi. Mehriban xanım Əliyevaya təşəkkür etdim.  Kəlbəcərə arı təsərrüfatımın köçürülməsi barədə Mehriban xanıma müraciət etmişdim. Onlar bu məsələyə çox həssas yanaşdılar və bizə imkan yaratdılar ki, təsərrüfatımızı Kəlbəcərə köçürək. Problem və hansısa çətinliyimizin olub-olmamasını soruşdular. Biz də bildirdik ki, hər şey qaydasındadır. Bundan sonra əsas hədəfimiz Kəlbəcər balının şöhrətini yenidən özünə qaytarmaq olacaq.

- Siz əslən Kəlbəcərdənsinizmi?

- Bəli. Mənim arıxanam 30 il bundan əvvəl Kəlbəcərdən çıxmışdı. İndi iki aydır ki, dədə-baba torpaqlarımıza qayıtmışıq, bundan böyük  xoşbəxtlik ola bilməz.Tək biz yox, arılar da öz yurduna qayıdıb. Çox sevincliyik. Bizim üçün bu şəraiti yaratdığına görə bir daha dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya təşəkkür edirik. İnşAllah, bütün arıçılar bura gələr. Kəlbəcər arıçılıq üçün çox əlverişli yerdir. Ermənilər Kəlbəcər balını Fransaya ixrac edirdi. Bundan sonra bizim ixrac potensialımızı artıracaq arıxanalar gəlib burada yerləşəcəklər.

– Hazırda Kəlbəcərdə neçə arı təsərrüfatı var?

- İyunun 2-dən buradayıq. Pilot olaraq 5 təsərrüfat köçürülmüşdü, sonra da yavaş-yavaş artırıldı. İndi səhv etmirəmsə, 20-dən çoxdur. Əgər hər hansı bir xoşagəlməz hal olmasa, köçürülmə davam edəcək. Bu məsələ bir az da arıçılardan asılıdır. Gərək hərbçilərin, aidiyyəti şəxslərin təlimatlarına qulaq assınlar ki, hansısa xoşagəlməz hal olmasın. Biz təzə köçəndə bəzi hallar oldu, cüyür, balıq ovladılar. Bu barədə mətbuatda da məlumat yayıldı. Belə hallara yol vermək olmaz. Biz bura köçməmişdən əvvəl bilirdik ki, riskli əraziyə gəlirik, diversiyaya cəhd ola bilər, mina ola bilər və s. Bununla bağlı təlimlərdə olduq və çox şükür ki, indiyədək hər hansı ciddi təhlükə ilə üzləşməmişik.   

-Yəqin ki, təsərrüfatınızı getdikcə genişləndirəcəksiniz?

- Bəli, genişləndirəcəyik. Tək Kəlbəcər yox, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlar arıçılıq üçün böyük yem bazasıdır. Ermənilərin böyük təsərrüfatları var idi burada və ixracla məşğul idilər.

- Məhsuldarlıq necədir? Kəlbəcər yaylaqlarına köçməniz məhsuldarlığa təsir göstəribmi?

- Həm keyfiyyət, həm də kəmiyyət baxımından çox yüksək nəticələr əldə etmişik. Prezident gələndə ikinci bal süzümü aparılırdı. Biz  pətəkbaşına 30 kiloqram məhsul götürməyi hədəfləyirdik. Amma pətəkbaşına gözlədiyimizdən də yüksək məhsul əldə etmişik. Demək olar ki, hər pətəkdən 40-45 kiloqram bal süzdük. Mən bu nəticəni sonuncu dəfə 1992-ci ildə əldə etmişdim.

- Qış fəslini orada qalacaqsınız?

- İndi biz Dəlidağın ətəyindəyik. Dəniz səviyyəsindən 2225 metr yüksəkdəyik. Təbii ki, qış fəslində burada hərəkət etmək çətinləşir, qar uçqunları baş verir. Amma bu ərazilərdə arıxananı qışlamaya qoymaq çox faydalıdır. Ona görə də arıxananın bir hissəsini burada qışlamaya qoyacağam, qalan hissəsini isə arana köçürəcəyəm.