Vatikanın yüksək rütbəli rəsmisi bildirib ki, Katolik Kilsəsi keşişlərin evlənməsinə icazə vermək barədə ciddi düşünməlidir.
Hafta.az-ın “Times of Malta”ya istinadən yazdığına görə, Papa Fransiskin müşaviri olan və Vatikanın Doktrina Ofisində katibin müavini vəzifəsini icra edən Malta arxiyepiskopu Çarlz Scicluna deyib: “Bunu ilk dəfədir ki, açıq şəkildə deyirəm və bəzi insanlara bidət kimi görünə bilər".
Roma Papası Fransisk keşişlərin evlənməməsini tələb edən Roma Katolik qaydasını dəyişdirmək üçün istənilən fürsəti rədd edib.
Lakin bu məsələ Kilsənin rəsmi doktrinaları arasında deyil, ona görə də Papa gələcəkdə bunu dəyişə bilər.
Vatikanın sözçüsü hələlik məsələ ilə bağlı şərh tələbinə cavab verməyib.
Cinsi zorakılıq cinayətləri ilə bağlı araşdırmalarla tanınan 64 yaşlı Scicluna kilsə tarixinin ilk minilliyində, eləcə də bu gün Katolik Kilsəsinin Şərq ayinlərində evliliyə icazə verildiyini bildirib.
Scicluna, "Əgər bu məndən asılı olsaydı, kahinlərin subay olması tələbini yenidən nəzərdən keçirərdim. Təcrübə mənə göstərdi ki, bu, ciddi şəkildə düşünməli olduğumuz məsələdir" deyib.
Kilsənin "evlənməyi seçdiyi üçün bir çox böyük keşişi itirdiyini" ifadə edən Scicluna, kilsədə subaylığa "yer var" olduğunu, ancaq keşişin bəzən aşiq ola biləcəyini də nəzərə almaq lazım olduğunu bildirib. "Deməli, qızla kahinlik arasında seçim var və bəzi keşişlər bu problemi gizli şəkildə romantik münasibətlərə girərək həll edirlər" deyib Scicluna.
Roma katolik keşişlərinin evlənməsinə icazə verilib-verilməməsi ilə bağlı əsrlər boyu mübahisələr gedir. Kahin nikahının əleyhdarları deyirlər ki, subaylıq kahinə özünü tamamilə kilsəyə həsr etməyə imkan verir.